01.04.2024
Müsabiqənin qalibi Polis Akademiyası olub Yaradılmış şərait, bilik və bacarıq uğura yol açır
Bu günlərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyası və “ELSA Azərbaycan”ın birgə təşkilatçılığı ilə ərsəyə gələn “Şəxsi axtarış və götürmə” müsabiqəsinin final mərhələsi keçirilib.
Əvvəlcə tədbirə qonaq qismində qatılan respublikanın müxtəlif ali məktəblərində hüquqşünaslıq üzrə təhsil alan tələbələr Polis Akademiyasının “Rayon Polis Şöbəsi” tədris modulu, şərti məhkəmə zalı, kriminalistik şəhərcik və digər interaktiv otaqlarla yaxından tanış olublar.
Ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət himni səsləndirildikdən sonra tədbirin rəsmi hissəsi başlayıb. Komandalara uğur arzulayan DİN-in Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanov bu qəbildən olan yarışların keçirilməsinin praktik biliklərin zənginləşməsində böyük rolu olduğunu vurğulayıb. Sonra final mərhələsinə vəsiqə qazanan DİN-in Polis Akademiyasının və Dövlət İdarəçilik Akademiyasının komandaları verilən tapşırıqlar üzrə istintaq hərəkətlərinin aparılması üçün öz bacarıqlarını nümayiş etdiriblər. Bu mərhələdə istintaq hərəkətlərini simulyasiya formasında icra edən komandaların fəaliyyəti DİN-in, Baş Prokurorluğun və Vəkillər Kollegiyasının nümayəndələri tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, Polis Akademiyasını əyani təhsil üzrə 4-cü kurs kursantları Güloğlan İsmayılzadə və Vəli Vəliyev təmsil edib.
Nəticələr hesablandıqdan sonra müsabiqənin qalibi Polis Akademiyasının komandası elan edilib.