Logotype

1933-cü ildən çıxır

Xəbərlər

29.03.2024

Texniki imkanlar uğuru şərtləndirir

Kriminogen vəziyyət nə qədər sabit olsa da, cinayət hadisəsilə üzləşmək ehtimalını gözardı etmək doğru olmaz.
Xüsusən daşınmaz əmlak sahiblərinin oğurluğa qarşı təhlükəsizlik tədbirlərini gücləndirməsi tövsiyə edilən, hətta, riskləri minimallaşdırmaq baxımından tələb olunan şərtdir. Mənzil və obyektlərə kamera nəzarət sistemlərinin quraşdırılması ilə əmlak sahibləri effektli qorumanı təmin etdiklərini düşünə bilərlər.


Zərər çəkən olmasın...


Bəlkə bunda müəyyən qədər haqlıdırlar da. Müşahidə kameraları cinayətkarın yaxalanmasına və məsuliyyətə cəlb olunmasına, şübhəsiz ki, kömək edir. Çünki belə nəzarət kameraları dəlil-sübut “toplayır”, bu da cinayətin üstünün açılmasında işə yarayır. Ancaq, bu, cinayətlərin, arzuolunmaz hadisələrin önlənilməsində arzu-
olunan nəticəni vermir, qeyd etdiyimiz kimi, daha çox sonrakı təhqiqat-istintaq prosesinə fayda verir.
Buna görə mənzil və obyektləri kriminal təhdid və digər risklərdən sığortalamaq üçün DİN Baş Mühafizə İdarəsinin xidmətindən istifadə etmək ən doğru üsul sayılmalıdır. Məsələ ondadır ki, ölkəmizdə polisin mühafizə etdiyi yaşayış yerində və ya obyektdə indiyədək qarət hadisəsi baş tutmayıb, əmlakı qorunan şəxs zərər çəkməyib. Oğurluğa cəhd edən şəxs niyyətini həyata keçirməyə sadəcə macal tapmır, uzaqbaşı cinayət başında yaxalanır.
Baş Mühafizə İdarəsindən öz texniki imkanları ilə bağlı bildirirlər ki, sistemin ən böyük üstünlüyü obyektin siqnalizasiya ilə qorunması və əmlaka hər hansı kənar müdaxilədən polisin dərhal xəbər tutmasıdır. Yüksək həssaslığa malik texniki vasitələr ən cüzi dəyişiklikləri belə qeydə aldığına görə həyəcan siqnalının işə düşməsi ilə polis özünü hadisə yerinə çatdırır. Özü də cəmi bir neçə dəqiqəyə. Buraya yalnız gizli talama niyyəti ilə qorunan əraziyə daxil olmaq cəhdi deyil, hər hansı texnogen qəza, yanğın hadisəsi kimi dekriminal təsirlərin önlənilməsi də aiddir.


Peşəkarlıq əsas meyardır


Bayram ərəfəsində Nəsimi rayonunda baş vermiş daha bir hadisə mühafizə sistemi ilə qorunmanın əmlak sahibi üçün nə qədər önəm daşıdığını yenidən təsdiq etmiş oldu. Banklardan birinin qapısını dəmir alətlə qıraraq içəri daxil olmaq istəyən Zaur İbrahimovu rayonun Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə Polis Bölməsinə təhvil veriblər. Hadisə ərazidəki kameralar vasitəsilə də qeydə alınıb. Şübhəli şəxsi “iş başında” yaxalayan tutucu qrupun müdaxiləsi mühafizə polisinin etibarlı keşikçi obrazını bir daha doğruladı.
Baş Mühafizə İdarəsinin Xidmətin Təşkli İdarəsinin rəisi polis polkovniki Elmir İsgəndərov deyir ki, əsasən gecə saatlarında baş verən bu cür hadisələrə əməkdaşların operativ reaksiya vermələri üçün yetərincə maddi-texniki imkanlara və peşəkarlıq göstəricilərinə malikdirlər. Obyektin qorunduğundan xəbərsiz olan şübhəli gecənin qaranlığından istifadə edib içəri keçmək istəyərkən siqnalizasiyanın işə düşməsi ilə qaçmağa çalışsa da, tutucu qruplar tərəfindən yaxalanır. Bayram günlərində mağazalardan oğurluğa cəhd etmə, obyektlərin giriş qapısına müdaxilə kimi hallar üzrə daxil olan çağırışlardan başqa, dava-dalaş salma, ictimai asayişi pozma kimi hallara da operativ reaksiya verilib.
Bu faktlar o gerçəkliyi diktə edir ki, mühafizəyə almaq, müdafiə etmək, ayıq-sayıq keşik çəkmək peşəkarlara həvalə olunmalıdır. Bu isə məhz mühafizə polisinin meyarıdır.

Rəşad Mehtiyev
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər