Logotype

1933-cü ildən çıxır

Xəbərlər

14.03.2024

Odlardan keçən gəncliyimiz

2020-ci ilin 27 sentyabrından noyabrın 8-dək yaşanan hər gün Azərbaycanın şanlı tarixidir. Bu şanlı tarixdə cəsur oğullarımız qanı, canı bahasına Qarabağı düşmən tapdağından azad etdi.

İllər sonra o torpaqlara qayıdan, ilk ayaq basan Vətən sevgisi, yurd həsrəti ilə böyüyən gəncliyimiz oldu. Haqqın nazildiyinə, lakin üzülmədiyinə bütün dünya şahidlik etdi. Xankəndini terror yuvasına çevirənlərə elə bir dərs verdik ki, hələ uzun illər özlərinə gələ bilməyəcəklər. Ədaləti siyasi masalarda deyil, döyüş meydanında bərpa edib iradəmizlə, əzmimizlə yeni bir dövrün başlanğıcını qoyduq.

Vətən müharibəsində odlardan keçən gəncliyimizin döyüş yolu onların uğur hekayəsinə çevrildi. Uğur hekayəsini silahla, süngü ilə, Vətən sevgisi ilə yazanlardan biri də Qədirov Nurlan Mahir oğludur. O, 2001-ci ildə Bakıda doğulub. Sabunçu rayonundakı 22 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə yollanıb. Döyüş yoluna Tərtər, Ağdərə istiqamətində başlayan N.Qədirov deyir ki, hamımız üçün ən sevincli günlərindən biriydi döyüş əmri verilən gün. Çünki, hər birimizin arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. Və biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızı işğaldan azad edib arzumuza çatdıq.

O, bu gün həm də ona görə xoşbəxtdir ki, polis olmaq istəyi gerçəkləşib. 2021-ci ildən Səbail PRİ-nin Post-Patrul Xidməti Bölüyündə xidmət edən polis serjantı Nurlan Qədirov “Suqovuşanın azad olunmasına görə”, “Müharibə iştirakçısı” və “Cəsur döyüşçü” medallarıyla təltif olunub.

Ruhiyyə Əliyeva
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər