Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.03.2024

Papin bacıları

Bu gün müasir texnologiyaların yaratdığı imkanlarla törədilmiş cinayətlərin üstünün açılması böyük zaman almır. Cinayətlər də açılır, onu törədənlər də layiqli cəzalarına çatırlar. Lakin illər öncə qeyri-aşkar şəraitdə törədilmiş qətllər var ki, şübhəlilər ya tapılmayıb, ya da dəlil-sübut olmadığı üçün sərbəst buraxılıblar. Təqdim etdiyimiz bu yazıda isə nəfəs kəsən cinayəti törədənlərin psixoloji durumları daha çox diqqət çəkir.


Cinayətə qədər olanlar


Uşaqlığı çox çətin keçən bacılar Le Mans şəhərinin cənubundakı kiçik kəndlərdən birində dünyaya gəlmişdilər. Ataları və anaları onları valideyn nəvazişindən məhrum etmişdilər. Hər gün psixoloji təzyiqlə üzləşən qızların həyatda tutunacaqları kimsəsi yoxdu. Bacılar Le Mans şəhərində varlı insanların evlərində qulluqçu kimi işləməyə başladılar. 1926-cı ildən onlar təqaüddə olan vəkil Rene Lanselə, onun həyat yoldaşı Madam Lanselə və qızlarına xidmət edirdilər. Valideyn nəvazişi görməyən bacılar biri-birinə çox bağlı idi. Hər gün ev işləri ilə məşğul olmaları onları yormurdu. Ancaq ev sahibəsinin özündən razılığı, onlarla bərabər öz qızına da qaba davranmaları bacıların xoşuna gəlmirdi.

Papinlər ev sahibəsinin buyruqlarını yerinə yetirməmək üçün onların gözünə az görünməyə çalışırdılar. Diqqətdən uzaq olmaq işlərinə yarasa da qadın qısqanclığı bacıları qatil olmağa sövq edir. Maraqlı məqam bu idi ki, bacıların biri-birinə çox bağlılığı psixoloji problemə çevrilirdi. Ev yiyəsinin onlardan birinə ağır söz deməsi, səhlənkarlıqda ittiham etməsi digərinin xoşuna gəlmirdi. Bacılarda belə bir fikir formalaşmışdı ki, ev sahibəsinin bu tənqidləri onları bir-birindən ayırmaq üçün atılan addımdır.


Qadın qısqanclığı


1933-cü il fevralın 2-də o hadisə baş verdi. Bacılar ömürlərinin çoxunu zindanda keçirmələrinə, hətta onlara ölüm hökmü çıxarılmasına səbəb olacaq cinayətə əl atmışdılar.
Hadisə belə olmuşdu. Ev sahibi Lansel arvadı və qızı ilə nahar etmək üçün görüşməli idilər. O, həyat yoldaşının və qızının gecikdiyinə görə narahat olmağa başladı. Evə gələndə isə qapının bağlı olduğunu gördü. Nə qədər səsləsə də nə yoldaşı, nə qızı, nə də qulluqçu bacılar səs vermədi...

Polislər evə daxil olanda Lanselin arvadının və qızının tanınmaz halda olan meyitləri ilə qarşılaşdılar. Onların başları əzilmiş, gözləri çıxarılmışdı. Hiss olunurdu ki, hər iki şəxsə ağır işkəncə verdikdən sonra öldürmüşdülər.
Polisləri təəccübləndirən daha bir məqam isə bacıların qulluqçular üçün nəzərdə tutulmuş otaqda bir-birinə sarılaraq yuxuya getmələri idi. Onlar dindirilərkən törətdikləri əməli etiraf ediblər. Cinayətə səbəb qadın qısqanclığı imiş.
Fransanın Le Mans şəhərində xidmətçi işləyən bacılardan birinin- Lea Papinin 15, Kristin Papinin isə 20 yaşı vardı cinayəti törədəndə. Bu, sıradan bir cinayət deyildi və onun sədası tezliklə bütün ölkəyə yayıldı. Ev sahibini və onun qızını vəhşicəsinə qətlə yetirən bacıların törətdiyi əmələ dövrün kriminalistləri patriarxal sistemin təzyiqlərinə edilən üsyan, diqqət çəkmə narahatlığının və nəhəng bir qəzəbin məhsulu kimi yanaşdılar.

Məhkəmənin qərarı ilə böyük bacı Kristina ölüm cəzasına məhkum edilib. Sonradan onun ölüm cəzası ömürlük həbslə dəyişdirilib. Balaca Lea azyaşlı olduğu üçün 10 il müddətinə ağır islah işlərə cəlb olunub. Bacıların bu cinayəti əsasında Vendi Kesselmanın “My Sister in This House” teatr tamaşası səhnələşdirilmişdir.

Hazırladı: Aytən Tahirova

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər