Logotype

1933-cü ildən çıxır

Xəbərlər

27.02.2024

“Dəmir yumruq”lu gənclər

Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsi 3 il bundan öncə tariximizə əlamətdar hadisə kimi düşən Vətən müharibəsində qazandığımız Qələbə oldu. Tarixi missiyanın yerinə yetirilməsində səfərbər olunan Azərbaycan gəncliyinin mübarizə əzminin qarşısında düşmənlərimiz duruş gətirə bilmədi.

Həmrəyliyimiz ən böyük dəyər kimi o çətin günlərdə yenidən sınağa çəkildi. Mən azərbaycanlıyam deyən hər kəs Vətəni qorumaq, torpaqlarımızın azad edilməsində rolunun olması üçün rəsmi çağırış belə gözləmədən səfərbərlik xidmətlərinə axın etdilər.
Bu gün qarış-qarış azad olunan torpaqlar xalqımızın tikib, quran əli ilə yenidən dirçəlir, orda həyat qaynayır.
Ölkə başçısı, Prezident İlham Əliyevin təbirincə desək, Qələbəmizin rəmzi olan yumruq həm güc, həm də birlikdir. Azərbaycan bundan sonra daha da güclü olacaq.

Bəli, bu yumruq gənclərimizi birləşdirərək düşmən üzərində Zəfər çalmağımıza güc verdi.
Elvin Gündüz oğlu Qasımov da dəmir yumruğa güc qatanlardandır. O, 29 iyul 1998-ci ildə Bakıda doğulub. Yasamal rayonundakı 158 saylı tam orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə daxil olub. Təhsilini yarımçıq dayandırıb həqiqi hərbi ximətə yollanan E.Qasımov Goranboyda N saylı hərbi hissədə - düşmənlə sərhəddə hərbi xidmət keçib.
Tərxis olunduqdan sonra təhsilini davam etdirmək istəyi yenə yarımçıq qalıb. 2020-ci ilin iyul hadisələri onda düşmənə qarşı qisas hissini gücləndirib.
Sentyabrın 21-də çağırışla yenidən ordu sıralarına qayıdıb. Elvin 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına düşmənlə vuruşub.

Müharibədən sonra polisin sıralarına qatılmaq üçün müraciət edib və 2021-ci ilin mayından Səbail RPİ-də xidmətdədir, polis serjantıdır.
O, söhbət əsnasında Vətən torpağının hər qarışı üçün canından keçməyə hazır olduğunu bildirdi.
Dövlət başçımızın sərəncamlarıyla E.Qasımov Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azad olunmasına görə medallarıyla təltif olunub.

Ruhiyyə Əliyeva
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər