19.02.2024
Daha etibarlı təhlükəsizlik naminə...
Cinayətlərin açılmasında, ictimai qaydanın qorunmasında, yol hərəkəti, eləcə də mülkiyyət təhlükəsizliyinin təmin olunmasında kamera sisteminin əvəzsiz rolu var.
Çünki istənilən şəxs və ya şəxslər əməllərini həyata keçirməzdən əvvəl müşahidə kameralarının olub-olmamasına diqqət yetirir ki, bu da müəyyən mənada maneə, çəkindirici vasitə deməkdir. Qısası, təhlükəsizlik kameralarının olması təkcə cinayətlərin deyil, ətrafda müşahidə olunan bütün neqativ halların vaxtında aradan qaldırılmasında faydalıdır.
Bu günlərdə Daxili İşlər Nazirliyinin kameralarla bağlı ictimaiyyətə etdiyi çağırışa vətəndaşlar müsbət reaksiya veriblər. Onlar dövlət maliyyəsi hesabına quraşdırılan təhlükəsizlik kameraları ilə yanaşı, özlərinə məxsus obyektlərdə, mənzillərdə kameraların quraşdırılmasının hər hansı problemə yol açmadığını, əksinə, risklərdən qorunmanın ən asan və optimal yolu kimi qiymətləndiriblər. Mütəxəssislər oğurluq hallarına qarşı mübarizədə əsas metodlardan sayılan təhlükəsizlik kameralarının arxiv görüntülərinin cinayətlərin açılmasında, sübutların toplanmasında, şübhəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsində mühüm amil olduğunu, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində açılma faizinin 70-80 faiz təşkil etdiyini bildiriblər.
Yeri gəlmişkən, Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında da idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyi, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin xalqa xidmət funksiyalarını daha böyük peşəkarlıqla həyata keçirməsinin vacibliyi əməkdaşların diqqətinə çatdırılıb.
Teymur Əlizadə
polis mayoru