15.02.2024
Həyat əhəmiyyətli xidmət
Polisin istənilən xidmət sahəsi ilk olaraq insan həyatının qorunmasına yönəlir, əlbəttə. Dövlətin bütöv bir strukturu gecə-gündüz ona çalışır ki, ilk növbədə insanların həyatına, sağlamlığına cinayətkar qəsd edilməsin. Buna cəhd edənin isə əməlinin ağırlıq dərəcəsinə görə qanun qarşısısında cavabdehliyi təmin edilsin və cəzanın labüdlüyü başqalarına da ibrət olsun.
Mənbədən mənzilədək mühafizə
Bu mənada Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının xidməti ümumi missiyadan heç də ayrı deyil. Alayın əməkdaşları yeri gələndə ictimai qayda və təhlükəsizlik əleyhinə yönələn əməllərə adekvat reaksiya verməklə, polisin ümumi funksional vəzifələrini layiqincə yerinə yetirirlər. Hər hesabat ilinin təhlilləri bunu təsdiq edir. Məsələn, keçən il 10 yanğın hadisəsinin və 3 digər cinayətin qarşısının vaxtında alınması, ictimai qaydanı pozan 121 nəfər saxlanılaraq ərazi üzrə polis orqanlarına təhvil verilməsi məhz onların sayəsində mümkün olub. Və yaxud fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində Alayın əməkdaşları seçki-dairə məntəqələrinə təhlükəsizliyin təmin edilməsinə təhkim olunmaqla, dövlətin siyasi həyatının bu mərhələsinə də töhfələrini veriblər.
İçməli su mənbələrinin - anbarların, kəmərlərin, artezian quyularının qorunması isə Alayın xidmətini bir qədər xüsusiləşdirir, ona müstəsnalıq qatır və polisin mühafizə etmək, qorumaq missiyasının həyati əhəmiyyətlilik dərəcəsini artırır. Bu yerlərdə baş verə biləcək ciddi bir təxribatın zərərini dilə gətirmək nədir, hətta, təsəvvür etmək belə ağırdır. Buna görə Alayın şəxsi heyətinin çiyinlərində də bir o qədər ağır məsuliyyət yükü var. Çünki böyük şəhərlərin, minlərlə sakinin sağlamlığı su mənbələrinin, quyuların kənarında qurulmuş polis postlarındakı əməkdaşların ayıq-sayıqlığına, xidmətin nümunəvi təşkilinə bağlıdır. Şübhəsiz ki, indiyədək bu sahədə hər hansı neqativ hadisənin yaşanmaması çox böyük bir ərazidə mühafizəni təşkil edən Alay əməkdaşlarının qüsursuz xidmətləri ilə işlərinin öhdəsindən gəldiklərini göstərir.
Məlumat üçün bildirək ki, Alay tərəfindən 143 post mühafizə olunur. Onlara Bakı Şollar-1, Bakı Şollar 2, Oğuz-Qəbələ rayonlarında yerləşən artezian quyuları, Şabran rayonundakı Taxta-körpü su anbarı və su kəmərləri, Hacıqabul Bakı Su Kəmərləri, habelə paytaxtda yerləşən 26 içməli su anbarı və nasosxanalar daxildir. Sadalanan obyektlər ümumilikdə 1672 hektar ərazidə yerləşir, kəmərlər isə 636 kilometr uzunluğundadır. Rəqəmlər belə “deyir” ki, Alay içməli suyun mənbəyindən mənzillərimizədək mühafizəsini təşkil edir.
Qarabağın da su mənbələri qorunur
Azərbaycanın yerli su ehtiyatlarının təxminən 20 faizi Qarabağın payına düşür. Antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ilə ölkəmizdə suya olan tələbatın ödənilməsinə bu ehtiyatların müsbət rol oynayacağı məlum idi. Artıq bu ildən Qarabağdakı su ehtiyatları da Alay tərəfindən mühafizə edilməyə başlayıb.
Alayın komandiri polis polkovniki Sahib Vəliyev qəzetimizə bildirib ki, cari ilin ilk ayında Xankəndidə 8, Şuşada 2, Zaraslı və Daşaltı qəsəbəsinin hər birində 1 post mühafizəyə götürülüb. Bu, sürətlə həyata keçirilən Böyük Qayıdış proqramında polisin aparıcı qüvvələrdən biri olduğunu göstərən növbəti faktdır. İlk olaraq, həm də ona görə ki, polisin xidmətinin əsasında, bayaq qeyd etdiyimiz kimi, həyati mahiyyət dayanır.
Qarabağa qovuşmağın əsasında ümmilli lider
Heydər Əliyevin ideyaları dayanır və bunu bilməyən, etiraf etməyən yoxdur. Torpaqlarımız üzərində tam suverenliyin ötən il, yəni “Heydər Əliyev İli”ndə bərqərar olması sanki tarixi ədalətin təzahürü idi. Daxili işlər orqalarını əhatə edən, eləcə də Alayda ulu öndərin xatirəsinə həsr edilən təntənəli anım tədbirləri, bilik və idman yarışları, qanvermə və ağacəkmə aksiyaları əməkdaşların ömrünü xalqına bağışlamış ulu öndər ideyalarına, anda və dövlətçiliyə sədaqətinin ifadəsidir.
Rəşad Mehtiyev
polis baş serjantı