Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.02.2024

Mübariz oğulların cərgəsində

"Dar gün" anlayışını şəxsə, fərdə aid edəndə ilk baxışdan onun təsir gücünün azaldığını görürük. Ancaq bu sözü Vətənlə qoşa çəkəndə və “Vətənin dar günündə hamımız bir olmalıyıq” şüarı ilə publikaya səslənəndə mənanın və mahiyyətin dəyişdiyi an məsələsi olur.

Vətən müharibəsi II Qarabağ savaşının sinonimi kimi leksikonumuza daxil olduqdan sonra yalnız Qələbə ruhuna köklənən fikirlər silahımıza çevrilib düşməni dünyanın istənilən nöqtəsində susduqmağa qadir idi. Dünyanın silah dilindən anladığı və sülhü tezləşdirən diplomatiyanın onun kölgəsində qaldığı bir dövrdə xalqımızın dəmir yumruğa dönüb XX əsrin məğlubiyyətini, məşəqqətini XXI əsrdə Qələbəyə çevirmək inadı ilə diqtə dilində danışmaq istəyənləri yerinə oturtdu.

Əsrə qalib xalq kimi möhürümüzü vurduq. Bu Qələbə cavan nəsillə orta nəslin, Vətən həsrəti ilə qocalan hər kəsin ruhunun, təfəkkürünün, inamının və inadının bariz nümunəsi idi.
Xalqımızın hərəkətverici qüvvəsi olan Azərbaycan gəncliyi haqqında isə ən gözəl sözləri Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev ötən il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində dilə gətirmişdi: “Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər”.

Həmin gənclərdən biri də 2022-ci ildən Naxçıvan ŞPİ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşı kimi asayişi, sabitliyi qoruyan polis serjantı Afin Mustafayevdir.
O, 1998-ci ildə Culfa rayonunun Teyvaz kəndində doğulub. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsində Xocavəndin, Füzulinin və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq nümayiş etdirib.

Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Çimnaz Nəcəfova
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər