Logotype

1933-cü ildən çıxır

Xəbərlər

09.02.2024

ABŞ tarixinə düşən “Unabomber”

1978-1995-ci illərdə ABŞ-da alimlərə, iş adamlarına və mülki şəxslərə qarşı həyata keçirilən, ümumilikdə 16 bombalı hücum nəticəsində 3 nəfəri öldürən, 23 nəfəri yaralayan “Unabomber” ləqəbli Ted Kaçinski həbsxanada intihar edib.
Şimali Karolina ştatında federal həbsxanada saxlanılan Kaçinskinin 81 yaşı var idi. 1996-cı ildə həbs edilən Kaçinski hərəkətləri ilə Amerika ictimaiyyətində böyük əks-səda yaratdı və haqqında ən çox danışılan adamlardan biri oldu.

Ted Kaçinski kimdir?

Onun tam adı Teodor J.Kaçinskidir. 1978-1995-ci illərdə universitetlərə və bəzi evlərə əldəqayırma bombalar göndərərək 3 nəfərin ölümünə səbəb olub. 1996-cı ildə ələ keçirilən Kaçinski iki ildən sonra partlayışlara görə məsuliyyət daşıdığını etiraf edib və azadlığa buraxılmamaq şərti ilə razılaşıb.
1942-ci ildə Çikaqoda fəhlə ailəsində doğulan Kaçinski universitet təhsilini Harvardda alıb və Kaliforniya Universitetində riyaziyyatdan dərs deyib.

“Bombalı adam” kimi hədəfə alırdı?

O tutulana qədər ABŞ-ın hər yerinə 16 bomba göndərmişdi. İlk dəfə Şimal-Qərb Universitetində mühəndislik professorunu hədəfə alan Kaçinski 1979-cu ildə “American Airlines” təyyarəsinin yük anbarına bomba qoymaqla FTB-nin diqqətini çəkmişdi. Polis əvvəlcə belə ehtimal edirdi ki, Kaçinski qurbanlarını təsadüfən seçir. Lakin sonradan bomba göndərilənlərin heç də təsadüfən seçilmədiyi üzə çıxıb. Qurbanlardan biri- 5 may 1982-ci ildə səhv paketi açan katib Janet Smit bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri alıb. İki ay sonra təqaüdçü, elektrotexnika mühəndisliyi professoru Diogenes Angelakos boru bombasının hədəfi olub. 1993-cü ilin iyununda kompüter elmləri professoru David Gelernter içində doktorluq dissertasiyasının olduğunu düşündüyü paketi açıb və “Unabomber”in partlayıcılarından birini “kəşf edib”. Ağır yaralanan Gelernter sağ əlini həmişəlik itirib.

“Gözəgörünməz”in axtarışı necə həyata keçirilib?

Kaçinskinin 1987-ci ildə çəkilmiş fotorobotundan sonra FTB 1979-cu ildə silsilə partlayışlarla bağlı təhqiqata başlamaq qərarına gəlib. FTB “University and Airline Bombing” ifadələrinə əsaslanaraq faylın adını “UNABOMB” qoyub.
İş üzərində çalışan 150-dən çox dedektiv qurbanların həyatını, bomba parçalarının xüsusiyyətlərini və digər sübutları izləyib. Bir müddət sonra FTB-yə “Unabomber” adlandırdıqları şübhəlinin Çikaqoda böyüdüyü və Solt Leyk Siti və San Fransisko bölgələrində yaşadığı məlum olub. Lakin onlar digər detalları, həmçinin bombardmançının cinsini müəyyən etməkdə çətinlik çəkiblər.

1995-ci ildə ABŞ-ın aparıcı qəzetləri olan “New York Times” və “Washington Post” qəzetlərinə anonim məktub göndərilib. UNABOMB faylında ardıcıl törətdiyi bombalı hücumların məsuliyyətini üzərinə götürən məktubunda qəzetlərin 35 min sözlük manifest çap etməsi qarşılığında partlayışların tamamilə dayandırılacağını bildirib. Qəzetlər FTB ilə məsləhətləşdikdən sonra bütün manifesti dərc etmək qərarına gəliblər.

Sirli manifestdə nələr var idi?

Manifestdə ətraf mühitə böyük ziyan vuran və yadlaşmaya səbəb olan sənayeləşmə pislənir, sənaye sisteminə qarşı inqilaba çağırılırdı. İnsanlığı və təbiəti texnologiya və istismardan qorumaq üçün bombalı hücumları təşkil edən şəxs “Heç bir şeyə inanmıram, təbiətə və təbii həyata sitayiş edənlərin məzhəblərinə belə inanmıram” deməklə 232 maddədən ibarət manifestində insan növünün yol ayrıcında olduğunu iddia edərək, texnologiyaya qarşı edilən hər bir güzəştin insan azadlığını getdikcə məhdudlaşdırdığını yazırdı.

Onu qardaşı məqalədən tanıyıb Manifest dərc edildikdən sonra Kaçinskinin qardaşı David Kaçinski məqalədəki dili tanış görüb, səlahiyyətlilərlə əlaqə saxlayıb və qardaşının “Unabomber” ola biləcəyini bildirib. Əməliyyatçılar Kaçinskini Montanadakı kabinəsində tutublar. Səlahiyyətlilər daxmada istifadəyə hazır bomba və onu hazırlamaq reseptlərini özündə əks etdirən 40 min səhifəlik əlyazma gündəlik tapıblar. Kaçinski 1998-ci ilin yanvarında ittihamlar üzrə özünü təqsirli bilib və prokurorluqda onun ölüm cəzası almayacağına zəmanət verən müqavilə bağlayıb. Həmin il o, 4 ömürlük və 30 il həbs cəzasına məhkum edilib. O, cəzasının böyük hissəsini Kolorada ştatındakı yüksək təhlükəsizlik həbsxanasında çəkib. 2021-ci ildə səhhəti pisləşən və Şimali Karolinada federal sağlamlıq mərkəzinə yerləşdirilən Kaçinski kamerasında ölü tapılıb.

Hazırladı: Aytən Tahirova

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər