Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.02.2024

Gələcəyə yol açan gəncliyimiz

Görkəmli rus yazıçısı və dramaturqu Qoqol yazırdı ki, gəncliyin xoşbəxt olması onun gələcəyinin olmasıdır. Bu fikirlə razılaşmamaq mümkün deyil. Bir də onu əlavə etmək olar ki, gənclik etibarlı və sağlam əsaslara malik olduğu halda xoşbəxt sayıla bilər.

Vətən müharibəsində canından, qanından keçən, misilsiz qəhrəmanlıq nümunələri göstərən gənclərimiz yüksək vətənpərvərlik ruhunda formalaşdıqlarını sübut etməklə, həm də xoşbəxt gələcəyin aparıcı qüvvəsi olduqlarını dünyaya göstərdilər. O gənclər ki, ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir.

Bu gün daxili işlər orqanlarının şəxsi heyəti əsasən gənclərdən komplektləşdirilib. Cinayətkarlıqla mübarizənin ağırlığı həm də onların çiyinlərindədir. Vətən müharibəsi iştirakçılarının daxili işlər orqanlarında xidmətə qəbul olunması ilə əzmkarlıq, fədakarlıq, igidlik tələb edən polis peşəsinə yeni qəhrəmanlar qoşuldu.

Səbail RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşı polis serjantı Xuduzadə Anar Həsənağa oğlu da onlardan biridir. O, Bakıda dünyaya göz açanda ölkənin bir tərəfində, Qarabağda qızğın döyüşlər gedirdi. O da tay-tuşları kimi işğal olunmuş torpaqların həsrəti ilə boy atır və nəhayət, Vətən müharibəsi başlayanda cəbhəyə könüllü yollanır. Bu onun içində həsrətlə birlikdə boy atan vətənpərvərliyin çağırışı idi. Döyüş yolu Füzulidən, Şuşadan, Xocavənddən və Cəbrayıldan keçir. Prezident İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunması uğrunda”, “Şuşanın azad olunması uğrunda”, “Xocavəndin azad olunması uğrunda”, “Cəbrayılın azad olunması uğrunda”, Nazirlər kabinetinin sərəncamlarıyla “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Qalib gəncliyin Vətən müharibəsindən sonra üzünə açılan qapılar onu da arzusuna qovuşdurur. 2021-ci ildə daxili işlər orqanlarının sıralarına qəbul olunur. Tale elə gətirir ki, o, anadan olarkən Qarabağda qızışan erməni separatizminin kökünü kəsmək üçün Qarabağa artıq peşəkar polis əməkdaşı kimi dönür.

Qarşıdan gələn Gənclər günü münasibətilə bu qəhrəman həmkarımızla söhbət zamanı bildirdi ki, 2023-cü il sentyabr ayının 19-u Qarabağda başlayan antiterror tədbirlərində iştirak edib. Sevinir ki, həmin gün Qarabağdakı separatçı hakimiyyətin təslim olması və silah-sursatların təhvil verilməsi ilə nəticələnən 24 saatlıq antiterror tədbirlərində qəhrəmanlıq, şücaət göstərən hərbçi və polislərin qəhrəmanlıq salnaməsində onunda imzası var.
Qeyd edək ki, müvafiq dövr ərzində 774 nəfər Vətən müharibəsi iştirakçısı DİO-ya qəbul olunub.

Ruhiyyə Əliyeva
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər