Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.01.2024

Yeniyetməlik “sindromu”

Son günlərdə məktəblilərin iştirakı ilə baş verən bir neçə cinayət hadisəsi ictimaiyyətdə ciddi narahatlıq doğurmağa bəs etdi. Xüsusən Gəncə şəhərində həmyaşıdı tərəfindən Raul Rəhimovun qətlə yetirilməsi yeniyetmələr arasında aparılan profilaktik tədbirlərin nə qədər əhəmiyyətli olduğunu və buna ictimaiyyətdən ciddi dəstək verilməsinin zəruriliyini aktuallaşdırdı.

Bıçaqla nəticələnən qətlə görə hüquqi məsuliyyətin kimin daşıdığı aydındır. Bəs, mənəvi məsuliyyət kimindir? Əgər valideyn övladının təhlükəli vərdişlərini bilirsə, lakin bu barədə polisə məlumat vermirsə, elə günahkar valideyn özü deyilmi?

Yeniyetməlik həm uşaqlar, həm də onların valideynləri üçün çətin bir dövrdür. Onların əhval-ruhiyyəsi və davranışı tez-tez dəyişir, bəzən həyəcanlı, bəzən laqeyd, bəzən açıq, bəzən də qapalı olurlar. Əgər evdəkilərdən istənilən diqqət və qayğını, dəstəyi ala bilmirsə, o zaman yeniyetmənin aqressiyası özünə, çox vaxtı isə ictimaiyyətə yönəlir.

Mütəxəssislər hesab edir ki, çox vaxtı insanlar arasında münaqişə yarananda, onlar emosional səviyyədə yaranan problemi sözlə çözə bilmirlər, verbal qabiliyyətini itirirlər və bu zaman fiziki zorakılıq baş verir.

Yeniyetmələrin bu psixoloji mərhələsini nəzərə alan polis maarifləndirici tədbirləri elə bu yaş kateqoriyaları arasında keçirir. Məsələn, ötən il polisin təşkilatçılığı ilə təhsil müəssisələrində fərqli mövzuları əhatə edən maarifləndirici görüşlər keçirilib. Nəzərə almalıyıq ki, ötən il cinayətlərin yalnız 1,2 faizi yetkinlik yaşına çatmayanlar tərəfindən törədilib. Bunun daha böyük rəqəmlərlə ifadə edilməməsində keçirilən preventiv tədbirlərin mühüm əhəmiyyəti danılmazdır.

Bu gün zərərli məlumatların sürətlə yayıldığı müasir informasiyalı cəmiyyətdə yeniyetmələri qorumağın ictimai vəzifəyə çevrilməsi istiqamətində daha ciddi addımlar atılmalıdır. Aydın məsələdir ki, hər şagirdi, yeniyetməni polis nəzarətində saxlamaq mümkün deyil. Yeniyetmələr arasında ictimai qayda əleyhinə davranışların müşahidə olunması təhlükə, həyəcan siqnalıdır. Təbii ki, buna ilk reaksiyanı da valideyn verməlidir.

Ruslan Vəliyev
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər