Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.01.2024

Elmin Astanasında...

Polis Akademiyasının magistraturası dinləyicilərə elmi-tədqiqat üçün geniş imkanlar açır. Hüquq elmini daha dərindən araşdırmaq məqsədilə magistr təhsili alan polis əməkdaşları bu pilləni keçməklə həm elmi dərəcədə, həm cinayətkarlıqla mübarizənin metodiki əsaslarını tədris edən müəllim-professor heyətinə qoşulma yolunda irəliləyirlər.
Bu gün Akademiya ölkəmizdə yeganə ali təsil müəssisəsidir ki, hüquqşünaslıq ixtisasının nəzəri-praktiki avanqardı olmaq məsuliyyətini öz üzərinə götürüb. Gələcəkdə isə bu missiyanı hazırda magistraturada təhsil alan və müəllimliyə, elmi adlara namizədlər davam etdirəcək.

Bunu özünün məqsədlərindən biri hesab edən ikinci kurs magistr dinləyicisi polis leytenantı Ayişə Əliyeva deyir ki, öyrəndiklərini təkmilləşdirmək və müasir hüquq elminin aktual problemlərinin həlli istiqamətində araşdırmalar aparırlar. Akademiyanın kursantı olmuş A.Əliyevanın fikrincə, bu gün mənimsədikləri nəzəri və təcrübi biliklər gələcək kursantların hazırlanması üçün faydalı təməldir. Bundan ötrü fəal, interaktiv təlimin metodlarından, beynəlxalq təcrübədən səmərəli istifadə olunur, simpoziumlar, seminarlar, konfranslar və digər tədbirlər təşkil edilir. Yəni magistrlar üçün geniş imkanlar yaradılıb. “Burada müəllimlərimiz bizə həm polis əməkdaşı, həm də pedaqoq kimi nümunə, örnək olurlar. Bu, bizim üçün əvəz edilməz mənbədir”,- deyə bildirir.
Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kimi ciddi sahələr üzrə ixtisaslaşan magistrların öz potensiallarını ortaya çıxarmaları üçün Akademiyada əlverişli şərait yaradılıb.

Bu barədə bizimlə fikirlərini bölüşən polis leytenantı Elgün Rəhimli də Akademiyanın kursantı olub, indi magistraturanın birinci kursunda təhsilini davam etdirir. O, deyir ki, bakalavriant dövründə əldə etdikləri bilikləri təkmilləşdirmək üçün təhsil müəssisənin olduqca güclü maddi-texniki və elmi bazasından istifadə edirlər: "Magistr klubumuz mövcuddur ki, orada müasir aktual hüquqi problemlər, yeni yaranan cinayətlərlə mübarizə və polisin buna adekvat hazırlığı kimi önəmli mövzular tədris edilir. Bizə konfranslarda, dəyirmi masalarda daxili işlər orqanlarının təcrübəli əməkdaşları, həmçinin digər orqanlardan dəvət olunan məruzəçilər elmi mühazirələr deyirlər, diskusiyalar təşkil edilir. Bir sözlə, fundamental nəzəri biliklər burada zəngin təcrübə ilə birləşir”.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu, polis kapitanı Səadət Bağırovanı da Akademiyada magistr təhsili almağa bu amil həvəsləndirib. O, magistr imtahanından yüksək nəticə ilə keçib. Daxili işlər orqanlarında 2016-cı ildən xidmət edən birinci kurs magistr dinləyicisi S.Bağırova bildirir ki, bu təhsil ocağında dərin hüquqi nəzəriyyənin zəngin təcrübə ilə cilalanması elmi-pedoqoji fəaliyyət üçün geniş perspektivlər yaradır: “Cinayət hüququ və kriminalogiya sahəsində qazandığım yeni biliklərin məndə daha dərin, daha təfsilatlı, daha geniş elmi qənaət formalaşdıracağına əminəm. Bunun üçün müəllim-professor heyəti bizə yaxından kömək edir. Akademiyanın rəhbərliyinə də minnətdarlığımı bildirirəm ki, belə şərait yaradıblar”.

Akademiyadan da bizə bildirdilər ki, DİN rəhbərliyi peşəkar, fundamental hüquqi biliklərə sahib, millətini və dövlətini sevən polis yetişdirilməsini prioritet tələb kimi müəyyən edib. Magistrların hazırlığında da bu meyarlar əsas götürülür. Onların bakalavr pilləsində əldə etdikləri bilikləri daha dərindən araşdırmaq, professional şəkildə öyrənmək imkanları var. Nəticələr də göstərir ki, elmin astanasında olan magistrlar səriştəli, peşəkar müəllimə çevriləcəklər.

Rəşad Mehtiyev
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər