Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

16.01.2024

Təbliğat zamanın tələbidir

Maariflənmək və maarifləndirmək bütün dövrlər üçün aktual olan məsələlərdəndir. Kitaba, elmə, mütaliəyə həvəs yaratmaqla oxumuş insan yetişdirmək çabası ona görədir ki, cəmiyyət həyatına təsirsiz ötüşməyən problemlərlə, bu gün leksikonumuzda yer alan zərərli vərdişlərlə mübarizə aparmaq asan olsun. Çünki intellektual səviyyə ictimai davranışı şərtləndirən amillərdəndir.

Ölkəmizdə gənc nəslin sağlam mühitdə böyüməsi prioritetlərdəndir. Gənclərlə bağlı həyata keçirilən layihələr, cəmiyyəti təhdid edən mövzularla bağlı maarifləndirici tədbirlərin keçirilməsi məsələnin ciddiliyini gözlər önünə sərmiş olur. Etiraf edək ki, sosial şəbəkələr üzərindən maarifləndirmə də günün tələblərindən biri kimi artıq sosiallaşıb. Məsələn, ötən il əllərdə olan, qanunsuz saxlanılan silahlarla bağlı DİN tərəfindən edilən çağırışın bir növ hərəkat halını alması ilə təhvil verilən silahlar cinayət alətinə çevrilmədi, daha doğrusu, törədilə biləcək cinayətlərin qarşısı vaxtında alınmış oldu. Deməli, maarifləndirmə müsbət tendensiyaya çevriləndə nəticələr ürəkaçan olur.

İlk addımı polis atır Polisin təşkilatçılığı ilə ötən il məktəblərdə 2700-dən çox görüş-maarifləndirici tədbir keçirilib. Bu statistika adi rəqəm kimi görünsə də respublikanı əhatə edən fəaliyyətin alt qatında böyük bir xilaskarlığın şahidiyik. İş təkcə gəncləri bir araya gətirməklə, bir çox mövzular ətrafında fikir mübadiləsi aparmaqla bitmir. Burada cəmiyyəti təhdid edən problemlərin dövlətçiliyə təsiri də diqqətə alınmalıdır.
Yeri gəlmişkən, ötən il medianın gündəmindən düşməyən məsələyə, azyaşlının ərə verilməsinə polisin reaksiyası, daha doğrusu, onun atası barədə qanunvericiliyə müvafiq olaraq addım atılması gələcəkdə neçə belə ailə faciəsinə səbəb olacaq problemlərin qarşısını aldı.

Qeyd edək ki, daxili işlər orqanları tərəfindən 2023-cü ildə erkən nikahlarla bağlı 50 fakt qeydə alınmış, onlardan 19 fakt əsasında Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə, 1 fakt əsasında isə Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məktəblərdə keçirilən görüşlərin daha bir faydası ondan ibarətdir ki, hər bir şagird, gənc, yeniyetmə onun həyatını, gələcəyini xilas etmək üçün həyatını belə qurban verməyə hazır olan qəhrəmanını tanımış olur.

Cəmiyyətin cəza mexanizminin işə düşməsi üçün çevik reaksiya elə cəmiyyətin özündən gəlməlidir. Lakin son günlər baş verənlər göstərdi ki, cəmiyyət hələ “özünücəzalandırmağa” hazır deyil. “Özünücəzalandırma” isə beyinlərdə kök salmış adətlərin, cəhalətin üstündən birdəfəlik xətt çəkməkdir.
İctimai sabitliyə təhlükə yaradacaq amillərin aradan qaldırılması polisin fəaliyyətilə birbaşa bağlı olsa da, görülən tədbirlər vətəndaşın da üzərinə böyük bir məsuliyyət qoyur. Heç şübhəsiz ki, mübarizənin kiçik bir vintini hərəkətə gətirmək üçün maariflənmənin və ma-
arifləndirmənin əhəmiyyəti gələcəkdə dövlətin qazandığı uğurlarda özünü büruzə verəcək.

T.Hafiz

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər