Logotype

1933-cü ildən çıxır

Xəbərlər

14.01.2024

Ötən ilin idman uğurları

Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında, habelə əldə etdiyi uğurlarda DİN İdman Cəmiyyətinin əhəmiyyətli rolu var. 2023-cü ildə 100-ə yaxın polis əməkdaşının ölkə və beynəlxalq miqyaslı yarışlarda 14-ü milli komandaların tərkibində olmaqla ümumilikdə qazandığı 28 medal bunu deməyə əsas verir.

Ötən il təmsilçilərimiz iştirak etdiyi yerli və beynəlxalq dərəcəli çempionatlarda 206 medala (97 qızıl, 48 gümüş, 61 bürünc) sahiblənib. Bunlardan 56 yeniyetmələrin, 65 gənclərin, 85 medal isə böyüklərin payına düşüb. Medalların 46-sı beynəlxalq miqyaslı, 160-ı respublika əhəmiyyətli olub.

2023-cü ildə Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən 10 metr məsafəyə pnevmatik tapançadan güllə atıcılığı üzrə Avropa çempionatında II yeri tutan DİN-in Daxili Qoşunlarının idman komandasının məşqçi-müəllimi mayor Ruslan Lunyov Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edən ilk Azərbaycanlı idmançı olub. Bundan başqa, Polşada yekunlaşan III Avropa Oyunlarında qüvvəsini sınayan nümayəndələrimiz kikboksçu Fərid Ağamoğlanov “full contact” versiyası üzrə 63.5 kiloqram çəki dərəcəsində qızıl, boksçulardan Daxili Qoşunların müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Murad Allahverdiyev 80 kiloqram çəki dərəcəsində bürünc medalla yarışı başa vurublar.

Yeri gəlmişkən qeyd edək ki, ötən ildə respublikanın idman həyatında göstərdikləri yüksək nəticələrə görə ölkənin yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi, Baş Mühafizə İdarəsinin Növbətçi Hissəsinin Komendant manqasının komandiri polis baş serjantı Hikmət Hacıyev, Əlahiddə Çevik Polis Alayının polis kiçik serjantı Məmmədəli Mehdiyev və Azərbaycan Atıcılıq Federasiyasının idmançısı Nigar Nəsirova mükafat qaydasında Prezident İlham Əliyev tərəfindən mənzillə mükafatlandırılıb.

Ruslan Vəliyev
polis baş leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər