Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.01.2024

Hər biri bir qəhrəmandır...

Vətən müharibəsi qanımızda coşub-qaynayan qəhrəmanlığımızı yenidən sübut etməyə, sözün əsl mənasında, bizə meydan verdi. Torpaqlarımızı işğaldan azad etmək üçün igid oğullarımız ölümün gözünə dik baxaraq, öncə Vətən deyərək döyüşdülər.

Güc, iradə, cəsarət və yurd sevgisindən yaranan ruh yüksəkliyi Böyük Qələbənin təmin olunmasında əsas faktorlardan biri oldu. Cəmi 44 gün çəkən bu savaş həsrətində olduğumuz topraqlara qovuşdurdu bizi.

Vətən müharibəsində düşmənlə mübarizədə şücaətlər göstərərək qəhrəmanlıqlara imza atan igid oğullarımız müharibə bitdikdən sonra mübarizələrini ictimai asayişin, sabitliyin, qayda-qanunların qorunmasında, cinayətkarlığa qarşı qətiyyətli mübarizədə davam etdirirlər. Belə gənclərdən biri də Kamran İsmayıl oğlu Zeynalovdur.

K.Zeynalov 1999-cu ildə Bakı şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Laçın və Şuşa rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidlik göstərib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülüb.

O, 2022-ci ildən daxili işlər orqanlarında xidmətə qəbul olunub. Nərimanov RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis kiçik serjantıdır.

Aytəkin Nəcəfova
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər