Logotype

1933-cü ildən çıxır

Xəbərlər

08.01.2024

Uğurlarımızın ili...

Tarix üçün bir il o qədər də böyük zaman kəsimi olmasa da, insan ömründə, dövlətin ictimai siyasi həyatında və xalqın taleyində çox böyük dəyişikliklərin baş verməsinə kifayət edəcək vaxtdır.

Ötən ilin sentyabrında antiterror tədbirlərindən sonra Ali Baş Komandan İlham Əliyevin Xankəndidə dövlət bayrağını ucaltması ilə separatizm üzərində elan etdiyimiz şanlı qələbəmiz, həm də humanizm dəyərlərini dünyaya nümayiş etdirdi. Özünü “ayrıca xalq” hesab edənlərə Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq seçimi verilməsi, gedənlərə göstərilən insanlıq qayğısı mərhəmət örnəyi idi. Xalqımıza qarşı ağır cinayət törədənlər isə təcridxanada cəzalarını çəkib, qanun qarşısında hesab verirlər.



Mərhəmətli polis, bəxti gətirən düşmən


Bu yaxınlarda xarici media qurumlarının birinə müsahibə verən erməni əsgərlərdən biri antiterror tədbirləri bitəndən sonra 30 gündən artıq Qarabağ meşələrində köməksiz vəziyyətdə qalmasından danışanda, azərbaycanlı polis polkovniki ilə qarşılaşmasını bəxtinin gətirməsi kimi ifadə edirdi. O, bildirirdi ki, əlindəki bıçaqla ona yaxınlaşan polisi vurmağı düşünüb. Silahlı olan polis isə atəş açmayıb. Onun sözlərinə görə, polkovnik erməni əsgərə kömək etmək istədiyini deyib, elə də edib. Antiterror tədbirləri zamanı bizə qarşı vuruşan əsgər beləcə ölkəsinə təhvil verilib.
Bu, qəti qələbə və əsl humanizm təntənəsidir! Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr gedir, onların heç birində güclünün mərhəmət göstərməsinin zərrəsinə belə rast gəlmək mümkün deyil. Məhz belə nümunələrə görə biz qalib xalq olaraq əsrə bərabər dövr yaşadığımızı dilə gətirə bilirik.


Dünya sabitliyə və suverenliyə etimad
göstərdi


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi barədə qərarının dünya ölkələri tərəfindən yekdilliklə dəstəklənməsi Azərbaycanın ötən il üçün yaddaqalan uğurlarından biri oldu.
Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir. Digər tərəfdən, adətən beynəlxalq əhəmiyyətli tədbirlər o ölkələrdə keçirilir ki, həmin dövlətlər təhlükəsizlik baxımından insanların həyatı üçün güvənlidir. Ölkəmiz dəfələrlə beynəlxalq miqyaslı mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını göstərib.

Dünya Azərbaycandakı sabitliyə, təhlükəsizliyə güvənərək qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, beynəlxalq aləmin diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi qəbul edib. Bu vaxtadək Azərbaycanda Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər keçirilib. Avropa Olimpiya Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına, hər il keçirilən “Formula-1” yarışlarına, beynəlxalq turnirlərə, çempionatlara Bakı ev sahibliyi edir. Və indiyədək təhlükəsizliyin təminində hər hansı problem yaranmayıb. Əlbəttə, miqyasına görə bu tədbirlər COP29-la müqayisəyə gəlmir, ancaq formalaşmış zəngin təcrübə təhlükəsizliyin ən yüksək səviyyədə qorunmasına təminat verir.

Yəni Azərbaycanın belə əhəmiyyətli tədbirləri keçirmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması dünya ictimaiyyətinə çoxdan bəllidir. Deməli, ötən il bütün dünya ictimaiyyəti öz qərarı ilə Azərbaycanın etibarlı sabitliyinə və suverenliyinə səs verib.


Rəşad Mehtiyev
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər