Logotype

1933-cü ildən çıxır

Xəbərlər

27.12.2023

Vətən andı içənlər

Birinci Qarabağ savaşı daxili işlər orqanları əməkdaşlarının da sınağı oldu.
Polis və Daxili Qoşunların hərbi qulluqçuları ilk qələbəmizin müjdəçisi olan Horadiz əməliyyatında hələ bundan sonra haqqında danışılacaq, cild-cild kitablara sığmayan misli görünməyən qəhrəmanlıqlara imza atdılar.
Tarix üç il bundan öncə daxili işlər orqanları əməkdaşlarına və hərbi qulluqçularımıza sələflərinin qəhrəmanlıqlarını yenidən təkrarlamağa imkan verdi. Zəfər tariximizi yazanların sırasında olmağı şərəf bilib ölümün üstünə getdik.

Şəhidlər verdik, qazi kimi şərəfli ad daşımaq nəsibimiz oldu. Adı unudulmayanlar sırasına həkk olanlardan biri də qazi Nicat Əlizadədir.
O, 1994-cü ildə Şirvan şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra 2013-2014-cü illərdə hərbi xidmətdə olub. Hərbiçi peşəsinə yiyələnmək istəyən igidimiz 2015-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə başlayıb.

Vətən müharibəsi başlayanda xüsusi təyinatlı dəstənin tərkibində Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli rayonunda mövqelərimizin müdafiəsi, düşmən diversiya-kəşfiyyat qruplaşmalarının qarşısının alınması kimi tapşırıqları yerinə yetirib. Daha sonra isə döyüş yoldaşları ilə birlikdə Şuşa-Xankəndi yolu istiqamətində irəliləyərək, yol üzərində yerləşən düşmən postlarını ələ keçiriblər və Şuşaya gedən yolu nəzarətə götürüblər. Lakin bu ağır döyüşlərdə irəliləmək heç də asan olmayıb. Döyüş yoldaşları gözləri önündə şəhidlik zirvəsinə ucalıb.
Noyabrın 6-da düşmən tankından atılan mərminin qəlpəsi onun iki barmağını qoparıb, əlindəki silah isə iki yerə bölünüb.

Qəhrəmanımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Hazırda Şirvan Şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis nəfəridir.

Nizam Həmidov
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər