Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.12.2023

Gəncləri necə qorumalı?

Bəzən şagirdlər arasında kütləvi dava və yaxud cinayət tərkibli hadisə baş verəndə ictimaiyyət buna sinir uclarına toxunmanın refleksi ilə reaksiya verir. İctimai nəzarətin belə ayıq-sayıqlığı, əlbəttə ki, yaxşı haldır.

Bununla belə, yeniyetmələrin kriminal hadisələrdə iştirak etməsinin elə ictimaiyyətin gözü qarşısında formalaşan sosial mühitdən qaynaqlandığını unutmaq lazım deyil. Yəni, biz məktəbli yoldaşına bıçaq çıxaran yeniyetməni buna sövq edən səbəb nədir, bu narahatedici nəticə necə ortaya çıxdı sualına cavab aramalıyıq.

Riyazi dillə desək, tapılan hasil problemin həllinə bərabər olacaq.
İnternetdən təhlükəsiz istifadə ilə bağlı polisin məktəblərdə məktəbliləri həm də kiber zorakılıqdan, kriminal aləmin “qanunları” ilə yaşamaq “romantikası” kimi zərərli təsirlərdən qorumaq niyyəti ilə keçirdiyi profilaktik tədbirləri haqqında bəhs etdiyimiz mümkün nəticələri qabaqlamaq cəhdlərinin bir hissəsidir. Çünki cinayət tərkibli hadisələrin, filmlərin, serialların internet üzərindən əngəlsiz yayımlanması gənclərə təsirsiz ötüşmür. Gənc oğlanlar çalışırlar ki, kimisə təqlid etsinlər. Təqlid isə bəzən vərdişə, vərdiş də həyat tərzinə çevrilir. Yoldaşına xəsarət yetirən yeniyetmə təqlid etmənin cəzasını çəkir. O, soyuq silah gəzdirmənin, adam yaralamanın azadlıqdan məhrum edilməyədək ağır cəzasının olduğunu iş işdən keçəndən sonra dərk edir.

Yeri gəlmişkən, bu ilin 9 ayı ərzində respublikada baş vermiş ümumi cinayətlərin 1,1 faizi yetkinlik yaşına çatmayanlar tərəfindən törədilib. Onlar əsasən 14-17 yaşlarda olublar. Əməllərinə görə aralarında cinayət məsuliyyətinə cəlb edilənlər də olub.

Bu kimi halları nəzərə alıb, yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsində valideyn - məktəb - polis birliyinin əhəmiyyətindən tez-tez bəhs olunur. Zənnimizcə, doğru yanaşmadır. Bu zəncirvari əlaqənin ilk halqası valideynlər olduğuna və ictimai rəyin formalaşmasında birbaşa onlar iştirak etdiklərinə görə nəzarət məsuliyyəti elə özlərinin üzərinə düşür. Qanunun qadağan etmədiyi elə hallar var ki, onları ailədən gəlmə tərbiyə hissi qadağan edir. Yeniyetmələrin kriminal davranışlara meyillənməsinin başlanğıcındaca “əyləc sistemi” rolunu məhz tərbiyə oynayır.

Məktəblə polisin səmərəli birliyinin nəticəsi isə özünü respublika üzrə geniş miqyas almış maarifləndirici tədbirlərlə aydın göstərir. Məsələn, təkcə bu ilin 9 ayı ərzində daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlarla iş sahəsinə cavabdeh əməkdaşları orta ümumtəhsil məktəblərində 2600-dək belə görüş keçiriblər. Psixoloqların, yerli icra hakimiyyətləri yanındakı komissiyaların, səhiyyə, sosial müdafiə orqanlarının, şagirdlərin və onların valideynlərinin iştirakı ilə baş tutan tədbirlər müxtəlif mövzuları əhatə etsə də, nəticə etibarı ilə yeniyetmələrin hüquq pozuntularının profilaktikasına yönəlir. Yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, müxtəlif növ qanunsuz əməllərə məruz qalmasının qarşısının alınması istiqamətində isə 960 reyd keçirilib.

Göründüyü kimi, bu rəqəmlər həm uşaqlara qarşı yönələn hüquqpozmalara, həm də yeniyetmələrin cinayət tərkibli hadisələrdə iştirak etməsinə qarşı polisin fəaliyyəti haqda aydın təsəvvür yaradır. Buradan çıxara biləcəyimiz digər analitik nəticə də var. Polis cinayət tərkibli hərəkətə, zərərli vərdişə meyillənən yeniyetməni cəza aparatı ilə tanış etməkdən ziyadə, onu kriminal davranışa aparıb çıxaran yolları kəsməyə çalışır.

Rəşad Mehtiyev
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər