Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.12.2023

Tarixi zəfər

Sayların, rəqəmlərin, sözlərin tarixə çevrilməsi ilahi hikmətin təsiri ilə baş verir. Biz XXI əsrdə bunun şahidi və iştirakçısı olduq. Tariximizə və taleyimizə ömürlük yazılan Vətən müharibəsinin məhz qırx dörd gün davam etməsi, qələbə ilə sonuclanması, bir qərinəyə yaxın il keçəndən sonra ilahi ədalətin bərqərar olması qarşısında mat qaldığımız, heyrətimizi gizlədə bilmədiyimiz möcüzələri kölgəsində qoydu. İnandığımız həqiqəti gözlərimizlə gördük. Buna zərrə qədər şübhəmiz olmadı, olmayacaq da.

Əslində 44 günlük Vətən müharibəsində biz insan oğlunun əsl möcüzə olduğuna da şahidlik etdik. Belə möcüzə oğullardan biri də DİN Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçusu, baş çavuş Nadirov Elçin Nadir oğlu idi.
O,1987-ci il dekabrın 5-də Şəki şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orta təhsilini Şəki şəhərindəki Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə alan Elçin məzun olduqdan sonra Texnologiya kollecinə qəbul olub. 2006-2007-ci illərdə Daxili Qoşunların Bakı və Gəncə şəhərlərində yerləşən “N” saylı hərbi hissələrində müddətli həqiqi hərbi xidmətini keçib. Tərxis olunduqdan sonra təhsilini davam etdirib. Ancaq hərbçi peşəsinə sevgisi onu yenidən xidmətə qaytarıb. Müddətdən artıq həqiqi hərbi xidmətə başladığı ilk gündən diqqəti üzərinə çəkib. Qısa zaman kəsiyində döyüş hazırlığı və qüsursuz xidmətilə fərqlənən cəsur hərbi qulluqçumuz 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib.

Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb. Torpaqlarımızın azadlığı uğrunda vuruşan oğulların sırasında olmağı ilə qürur duyub. Ölümün ağzından canlar qurtarıb. Oktyabrın 15-də Füzuli istiqamətində gedən gərgin döyüşlərdə yaralı yoldaşını döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə (ölümündən sonra) “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
El üçün, torpaq üçün canını verən Elçinin dekabrın 5-də 36 yaşı tamam oldu. Qəhrəmanımızı hörmətlə anır, ehtiramla yad edirik.

Mahir Məsimov
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər