Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.11.2023

Hüquq məbədi, təhsil ocağı


Cinayətkarlıqla mübarizənin elmi-metodiki əsaslarını mənimsəyən, hüququn incəliklərinə bələd olan peşəkar polis əməkdaşlarının hazırlanması zamanın tələbidir. Bunu müasir çağın artan təhdidləri diktə edir.

DİN-in Polis Akademiyası yeganə ali təsil müəssisəsidir ki, polis peşəsinin nəzəri-praktiki avanqardı olmaq məsuliyyətini öz üzərinə götürüb. Vətənə sevgi, xalqa xidmət etmək ruhunun aşılandığı, canı bahasına belə andına sədaqətli olmaq kimi yüksək mənəvi keyfiyyətlərin əsas kriteriya sayıldığı bu təhsil ocağında kursantlar hüquqi və kriminalistk biliklərlə “silahlanıb” müsəlləh zabitə çevrilirlər.

Cəmiyyətə ünvanlanan ismarış
Polis Akademiyasında auditoriyaların qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərdən formalaşması cəmiyyətə açıq ismarış sayılmalıdır.
Çünki bir gəncin polis peşəsi ilə tanışlığı fiziki hazırlıq normativlərindən, mandat adlandırılan müsahibə mərhələsindən keçəndən sonra imtahanlara buraxılmasından və burada da ciddi bilik rəqabətindən uğurla çıxmasından sonra başlaya bilər. Deməli, sabahın asayiş keçikçiləri yalnız savadlı zabitlərlə formalaşdırılır və dövlətin, ölkənin gələcəyi əmin əllərə təslim edilir. İkinci mesaj isə, imtahanların şəffaflığı sayəsində sosial vəziyyətindən asılı olmayaraq istənilən savadlı abituriyentin üzünə Akademiyanın qapılarının açıq olması gerçəkliyidir.

Bu yaxınlarda təhsil ocağında apardığımız müşahidələr göstərdi ki, orada yalnız sahibkarın, vəzifəli şəxsin deyil, fəhlənin, taksi sürücüsünün, dalandarın, hətta, dövlətdən sosial yardım alan ailələrin övladları eyni auditoriyalarda təhsil alırlar. Bu reallıq da gəncləri Akademiyada təhsil almağa, təhsil ocağının təmin etdiyi imtiyazlardan yararlanmağa həvəsləndirir.
Ötən tədris ilində ölkə üzrə Akademiyaya qəbul olmaq üçün ərizə ilə müraciət edən 1524 nəfərin hər biri istəyinə çata bilməsə də, bu, polis peşəsinə marağın rəqəmli ifadəsi kimi yetərincə diqqətçəkən faktdır.

Yerlərdə vəziyyət necədir?
Daxili işlər orqanlarının təhsil müəssisələrində təhsil almaq istəyən gənclərin şəhər və rayonlar üzrə müraciətləri ayrı-ayrılıqda təhlil edildikdə, sayın artan xətt üzrə inkişaf etdiyi görünür. Məsələn, Bakı şəhərindən 318 nəfər Akademiyaya qəbul üçün sənəd verib, onlardan 71-i kursant adını qazanıb. Akademiya üçün yetərli balı toplaya bilməyən 132 abituriyentdən 88-i Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul olub. Və yaxud Gəncədə 109 nəfər ərizə ilə müraciət edib, onların 28-i Akademiyaya daxil olub. Bu il Gəncədə namizədlərin daha çox olacağı, 130 nəfərədək artacağı gözlənilir.

Rayonlarda aparılan təşviqatlar da nəticə verməkdədir. Buna nümunə göstərə biləcəyimiz Biləsuvar RPŞ-dən bildirilib ki, ötən tədris ilində sənəd verən 22 nəfərdən 3 nəfəri, Polis Akademiyasına, 3-ü isə DQ-nin Ali Hərbi Məktəbinə daxil olub. Növbəti il üçün 30 nəfərdən çox namizəd var. Əməkdaşlar rayon məktəblərində görüşlər keçirməklə yanaşı, sınaq imtahanlarında yüksək bal toplayan abituriyentlərin hər biri ilə ayrı-ayrılıqda, fərdi qaydada söhbətlər aparırlar. Bəzən onların hazırlıqlarına da köməklik göstərilir. Hətta, namizədlərə fiziki normativləri yerinə yetirmələri üçün Polis Şöbəsinin idman zalından istifadə etmələrinə qədər şərait yaradılır.

Sözsüz ki, gənclərin daxili işlər orqanları sistemində təhsil almaq, ali təhsilli hüquqşünas kimi ixtisaslaşmaq istəklərində ilk olaraq Akademiyanın hüquq məbədi kimi özünü təsdiq etməsi gerçəkliyi dayanır. Bunda Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilmə ilə əlaqədar keçirilən silsilə tədbirlərin də rolu az deyil. Hər tədris ilində respublikanın bütün rayonlarında keçirilən görüşlər gələcəyimizin də etibarlı qorunmasını təminat altına almaq arzusundan qaynaqlanır.

Rəşad Mehtiyev
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər