Logotype

1933-cü ildən çıxır

Xəbərlər

31.10.2023

Divardan asılmış "tale"...

Görkəmli yazıçı Çexov deyirdi ki, əgər tamaşanın əvvəlində səhnədə tüfəng asılıbsa o, sonda mütləq atəş açmalıdır. Onun teatrla bağlı söylədiyi bu ifadə, əslində, real həyatdakı cinayət təhdidini çox dəqiq ifadə edir.

Kriminoloji konteksdən yanaşanda yenə eyni mətləb hasil olur; əgər evdə silah varsa, bilərəkdən və ya bilməyərəkdən onunla cinayət törədilməsi riski yüksəkdir. Üstəlik, silah qanunsuz saxlanılırsa, deməli, bunda konkret cinayətkar niyyət gizlənir...


Sabitliyin başı üzərindəki
“Demokl qılıncı”


Dədə-babadan qalma divardan ov tüfəngi asma ənənəsi hazırda o qədər dəbdə olmasa da, hafizəmizə həkk olunmuş bu tablo bizə istər-istəməz yazıçının sözlərini xatırladır. Təcrübə də göstərir ki, həyat adlı “tamaşanın” sonunda o silahların səsi eşidilir, kimsə həyatından, kimsə uzun müddət azadlığından məhrum olur. Yəni, odlu silah bir az da divardan asılmış taleyə bənzəyir, gec-tez sahibinin boynuna günah və təqsir “yükləyir”.

Odlu silahların kriminogen duruma neqativ təsiri, obrazlı desək, sabitliyin başı üzərində “Demokl qılıncı” olduğu dünya ölkələrinin nümunəsində özünü daha aydın büruzə verir. Yəqin ki, bu mövzuda ilk ağıla gələn kütləvi silahlı hücumların tez-tez baş verdiyi ABŞ-dır. Ancaq, nisbətən rifah və təhlükəsizlik səviyyəsi yüksək hesab edilən İsveç kimi ölkədə belə problem ciddi fəsadlara yol açır. Bu ölkədə odlu silahla törədilən cinayətlərin artmasına görə sentyabr, hətta, “qara” ay adlandırılmışdı.

Statistika göstərir ki, bu məsələ ölkəmizdə narahatlıq doğuran problem səviyyəsində özünü büruzə vermir. Çünki Qarabağda antiterror tədbirlərindən sonra da azad edilmiş ərazilərdə silah-sursatların aşkar edilərək götürülməsi, minalardan təmizlənməsi prosesi o bölgədə və bütövlükdə ölkədə sabitliyin davamlı olaraq qorunmasını zəruri edən əsas şərt kimi diqqətdə saxlanılır.

Könüllülük məsuliyyətdən
azad edir


Qanunsuz saxlanılan silahların yaratdığı təhdidləri nəzərə alan daxili işlər orqanlarının rəhbərliyi tərəfindən əhali arasında qabaqlayıcı tədbirlərin keçirilməsinə daim nəzarət edilir. Eyni zamanda, əməliyyat-axtarış tədbirlərilə qanunsuz silah-sursatın aşkarlanması təmin olunur. Elə bu günlərdə Qobu, Saray, Məmmədli kəndlərinin sakinlərindən “TT” markalı tapançaların və “Kalaşnikov” markalı avtomatların, onlara məxsus patron və patron daraqlarının aşkar olunaraq götürülməsi örnək faktlardır. Davamlı olaraq bu istiqamətdə aparılan mübarizə ona gətirib çıxarıb ki, Nazirliyin son Kollegiya iclasında vurğulandığı kimi, odlu silahın tətbiqilə törədilən cinayətlərın sayı azalıb.
Şübhəsiz ki, silahların yığılmasında əsas şərtlərdən biri silahdan konüllü imtinadır. Belə olan halda, evində silah saxlayan, üzərində gəzdirən adama qanunvericiliyimiz imkan verir ki, birdəfəlik məsuliyyətdən azad olsun. Bunun üçün, sadəcə olaraq, silahı könüllü olaraq polisə təhvil vermək kifayət edir.
Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər konkret nəticələr verir.
Məsələn, bu günlərdə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakinlərindən biri aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil vermək istədiyini bildirib. Polis vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan 1 “Makarov” markalı tapança, 3 daraq, 108 müxtəlif çaplı patron, 2 əl qumbarası və 5 alışqan (zapal) aşkarlayıb. Məlumat verən vətəndaşa qarşı heç bir cəza təhdidi görülməyib. Əksinə, polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.
Və yaxud şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində İmişlinin Bəcirəvan kənd sakini Q.İsmayılov qanunsuz olaraq saxladığı “TOZ-18” markalı yivli silahı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Qanuna görə, vətəndaşlar istənilən polis qurumuna silahı təqdim edə və ya etibarlı yerə qoyaraq "102" - Xidməti zəng Mərkəzinə, yerli polis bölməsinə zəng edərək silahın yerini deyə bilər. Hər iki halda onu tutulmaq təhlükəsi gözləmir. Əlbəttə, əgər silah hər hansı cinayətdə istifadə edilməyibsə…


Rəşad Mehtiyev
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər