Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.10.2023

“Hədəfi nişan al: atəş!”

Tirin qarşısında düzülmüş polis əməkdaşlarına təlimatçının uca səslə təhlükəsizlik qaydaları haqqında məlumat verməsi atəş təliminin başlanmasına çox az qaldığını göstərirdi.

Atıcılıq tirində və atəş zonasında qadağan olunan hallar, silahla təhlükəsiz davranış qaydaları sıradakı əməkdaşlar üçün təzə xəbər deyildi. İlləri keçən təcrübələri var, üstəlik, polislər hər il ən azı 4 dəfə bu cür təlimə cəlb olunurlar. Ancaq yenə də diqqətlə dinləyirdilər. “Güllə yuvasında yad cisimin olub-olmadığına mütləq baxmaq lazımdır. Silah təhlükəsiz zonaya tuşlanıb üç dəfə yoxlanılmalıdır”,- deyən təlimatçı “Zəfər”in üzərindəki çaxmağı eyni sayda çəkib buraxdı. O, sərrast olmaq üçün texniki bilgiləri özünəməxsus tərzdə, yeri gəldikcə obrazlı ifadə edirdi.

Çox keçmədən əməkdaşlar təlimatçının haqqında bəhs etdiyi təhlükəsiz davranış qaydaları ilə tanış olduqları və döyüş sursatını təhvil aldıqları barədə cədvəli imzalayıb üzərində “Atəş var!” yazılmış zalın qarşısında sırayla dayanmışdılar. Burada təlimatçının aydın səsini zaldakı boğuq güllə səsləri əvəzləmişdi.

Atıcılıq tirinin rəisi, polis mayoru Ayxan Mahmudov deyir ki, tirdə Nazirliyin aparatının, ona tabe olan Baş İdarə və idarələrin, Bakı şəhər BPİ-nin tabeliyində olan idarə və şöbələrin, eləcə də DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşları ilin əvvəlində təsdiqlənmiş plana uyğun olaraq atəş açma bacarıqlarını təkmilləşdirirlər. Onun sözlərinə görə, DİN rəhbərliyi atəş hazırlığının yüksək səviyyədə olmasına əsas peşəkarlıq keyfiyyətlərindən biri kimi baxır və bunu hər bir əməkdaşdan tələb edir: “Biz də həmkarlarımızda silahdan düzgün, sərrast, bacarıqla istifadə etmək vərdişi yaratmağa çalışırıq”.
On üç il əvvəl istifadəyə verilən DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Atıcılıq tiri müasir avadanlıq və silahlarla təchiz olunub. Bu il avtomatdan atəş açmaq üçün 100 metrlik açıq poliqon əsaslı şəkildə təmir olunub. Polis əməkdaşları həm elektron, həm gedib gələn raylar üzərində hərəkət edən, uzaqlığı 10–50 metr arasında dəyişən hədəflərə tapançadan atəş açırlar. Biz orada olarkən 3 nömrəli tapşırığa əsasən 15 metrlik məsafədə hədəflər üzərində təlim keçirilirdi.

Atəş zalının qapısı hər dəfə açılıb-bağlananda içəridəki əməkdaşları növbəti atışa hazırlayan təlimatçının yenə ucadan səsi eşidilirdi: “Qarşınızdakı silahlı cinayətkardır. Siz onu vurmasanız, o sizi vuracaq!”.

“Cinayətkarı” zərərsizləşdirmiş əməkdaşların isə atış göstəricilərinin yaxşı olması onların həm qiymət cədvəlində görünürdü, həm də sevinc hisslərini açıq-aşkar büruzə vermələrindən bəlli olurdu. Onlardan biri, polis serjantı Telman Həsənov deyir ki, sərrast atəş açmağa vaxtlı-vaxtında keçirilən məşğələlərdə davamlı olaraq iştirak etməyin çox köməyi dəyir.
Nəhayət, təlimatçıların özlərilə, polis baş serjantları Ramil Paşayev və Ziya Səfərliylə danışmaq fürsəti yaranır.

Xidmətə yeni başlayan əməkdaşlara təlim zamanı xüsusi diqqət ayırdıqlarını deyən R.Paşayev praktiki məşğələlərdə əsasən yerli istehsal olan “Zəfər K” tapançasından istifadə edildiyini bildirir. Müxtəlif ölkələrin istehsalı olan silahlardan da təlimlərdə istifadə olunur. Onun fikrincə, polis əməkdaşlarının hazırlıq səviyyəsi onların peşələrini hansı dərəcədə sevməsindən və yaradılan şəraitdən çox asılıdır: “Tirin istifadəyə verildiyi vaxtdan bəri, buradakı ən müasir avadanlıqlar, atəş nəticələrinin elektron formada əldə olunması, güllə sayının və müxtəlif silahlardan praktiki atəş təlimlərinin əvvəlki illərə nisbətən çoxalması əməkdaşların bacarıqlarını xeyli artırıb”.

Sərrast atəşin əməkdaşdan texniki və psixoloji hazırlıq tələb etdiyini deyən Z.Səfərli isə qeyd edir ki, atəşin dəqiq olması üçün ilk növbədə, gərək, güllə açılana qədər nişangahla arpacığı stabil saxlayasan, təlimatçının atəş texnikası ilə bağlı sözlərinə düzgün əməl edəsən: “İkincisi, atəşdən qorxmayasan, diksinməyəsən”.

Onun sözlərinə görə, polis əməkdaşlarının uzun müddət istifadə etdikləri “Makarov” tipli tapançadan fərqli olaraq, “Zəfər” tapançalarında geritəpmə az olur. Buna görə də hədəfin mərkəzinə düşmək üçün aşağıdan nişan almağa gərək yoxdur, hara nişan alınırsa, güllə də ora istiqamətlənir: “Bəzən atıcı özünü güllə açılan ana hazırlayır, son anda tətiyi möhkəm çəkir və silah aşağı əyilir. Bunu isə kənardan izləyən təlimatçı əməkdaşı xəbərdar etməklə səhvi düzəldir. Nəticə də yaxşı olur”.

Hədəfi vurmaq peşəkarlığın göstəricisidir. Bu isə gərgin zəhmət hesabına başa gəlir. Qarşıda duran vəzifələr də belədir – öhdəsindən gəlmək üçün hər bir əməkdaş çalışmalı və əzm nümayiş etdirməlidir.
Biz tirdən çıxanda artıq gün yarını keçmişdi, üzərində “Atəş var!” yazılmış lövhənin işıqları isə hələ də yanırdı...

Rəşad Mehtiyev
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər