Logotype

1933-cü ildən çıxır

Xəbərlər

24.10.2023

Xalqın xilası onun tarixi missiyası idi

SSRİ-dən qəlpə-qəlpə qopan dövlətlərin müstəqillik arzusu o zaman reallaşdı ki, artıq dünyanın o biri qütbündə mövqeyini möhkəmləndirən güc çökməkdə olan imperiyanı görməzlikdən gəldi. Onun xəritə üzərində olsa da məngənəsinə saldığı xalqların yaddaşında heç vaxt bütövləşməyən sərhədlərini demokratiya, azadlıq şüarları çox asanlıqla keçə bildi.

Qərb leksikonunda oturuşmuş “Qırmızı imperiya” sözü artıq özündə qorxunu, gücü ifadə etmirdi. O sonu faciə ilə bitən tamaşanı xatırladırdı: qalibləri məğlub durumda, məğlubları isə çarəsiz...

Taleyin ümidinə buraxılanlar İmperiya son nəfəsini toparlayıb “vətəndaş”larını bir bayraq altında birləşdirməyə cəhd etsə də, bu, uğursuzluqla nəticələndi. Çünki illərin “inam”ı itmişdi. Xalqlar ümidi okeanın o üzündə deyil, öz içlərində axtarmağa başlamışdılar. Siyasi başıpozuqluq və çökmüş iqtisadiyyat vəziyyəti xaosa sürükləyirdi.

Ermənistanı çıxmaq şərtilə imperiyanın xammal ehtiyatı olan 14 müttəfiq respublikanın durumu acınacaqlı idi. Sovet dönəmində belə qərbdən siyasi dəstək görən Ermənistanı qorumaq üçün erməni lobbisi yaranmış vəziyyətdən istifadə edərək hərəkətə keçmişdi. “Sahibsiz qalmış sərhədlər”də arzuladıqları “dövlət”i qurmaq fürsəti yaranmışdı...

Planlar qurulmuşdu Siyasi böhranın dərinləşdiyi bir dövrdə müstəqiliyə can atan müttəfiqlərdən birinin, yəni Ermənistanın Azərbaycana elan olunmamış müharibəsi və bunun fonunda 1988-ci il deportasiyası gerçəkliyi üzə çıxardı. İmperiyanın gözəgörünməyənləri Qafqazda xalqlara dinclik verməyəcək yeni münaqişələrə rəvac verən “öhdəlik”ləri yerinə yetirmişdilər. Xüsusilə Qafqazı qan çanağına çevirməklə və onu məkrli planlarla nəzarətdə saxlamaqla onlar sanki imperiyanın gələcək varisinin rahatlığını təmin etmiş oldular.

Hədəf Azərbaycan idi Bakı qərar verməkdə və tədbir görməkdə aciz idi. Çünki mücadilə ruhuna köklənmiş xalqa rəhbərlik edənlərdə milli ruhun yoxluğu atılan hər bir addımda özünü göstərirdi. Və ən əsası ölkə rəhbərliyindən fərqli olaraq hadisələri daha düzgün qiymətləndirən xalq dövləti məhv olma təhlükəsindən qurtarsın deyə Heydər Əliyevi yenidən siyasi səhnəyə gətirmək üçün, sözün əsl mənasında, mübarizəyə qalxdı. Çünki o, öz taleyini, gələcəyini Ona həvalə etmək istəyirdi.
Qədim Naxçıvanda, doğulduğu yurdda Bakıda baş verənləri ürək ağrısı ilə izləyən ümummili lider yazıçı Hidayətin çox sərrast təbirincə desək, Azərbaycanın dövlət müstəqilliyi quruculuğunun qərargahını sanki Bakıdan Naxçıvana köçürmüşdü...

Hələ Qorbaçovun SSRİ-nin rəhbəri olduğu dönəmdə parlament tribunasında çıxış edən Heydər Əliyevin onun siyasətini kəskin tənqid etməsi cəsarət tələb edirdi.
Məsələn, 1991-ci il yanvarın 14-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Qorbaçovun komandası tərəfindən hazırlanmış İttifaq Müqaviləsi layihəsinin əleyhinə çıxış etdi.
1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasındakı çıxışı isə ömrünü xalqına həsr etmiş liderin qorxmazlığının, mübarizliyinin, ölkəsini azad görmək istəyinin bariz nümunəsi idi: “...Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır. Respublikada aşağıdan, xalq kütlələri tərəfindən başlanmış milli dirçəliş, dövlət quruluşunun dirçəlişi hərəkatı inkişaf edir”...Bu cəsarəti isə ona inanan, etibar edən Azərbaycan xalqı vermişdi.

Tarixi uzaqgörənlik
Ulu öndər deyirdi ki, Azərbaycan xalqının demokratik, heç kəsdən asılı olmayan dövlət qurmasına gedən yol milli birlikdən keçir. Bu yolda çətinliklərin, sınaqların olduğunu vurğulayan ümummilli lider ən çətin dönəmdə xalqı dəmir yumruq kimi birləşdirərək istəyinə nail oldu, hər birimizin arzusunu gerçəkləşdirdi. Müstəqil və modern Azərbaycanı qurdu, onun banisi kimi tarixi uğura imza atdı.

Bu gün Xankəndidə, Şuşada, Kəlbəcərdə, Laçında, Xocalıda, Xudafərində və azad olunmuş torpaqlarımızda bayraqlarımız ucalırsa, himnimiz dalğa-dalğa yayılırsa, o yerlər abadlaşırsa, yurd nisgilli insanlar doğma yurdlarına qayıdırsa, biz bu xoş günlərin əsasını qoyan, bizi bugünlərə qovuşdurmaq üçün ömrünü bizə bağışlayan Ulu Öndərə-Zəmanəmizin böyük Azərbaycanlısı Heydər Əliyevə borcluyuq.

Hafiz Təmirov
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər