Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.10.2023

Hədəflər dəyişmir

“Özünəqəsdin ən ağır forması olan narkomaniyanın get-gedə gəncləşməsi, onun yayılmasının ən təhlükəsiz yollarından biri kimi internet üzərindən sərhədlər aşması ölkəmizdə də dərin narahatlıq doğurur. Bu istiqamətdə mübarizə tədbirlərinin kəsərini artırmaq üçün maarifləndirmənin vacibliyi diqqət mərkəzindədir”.

Bu fikirlər Baş Narkotiklərlə Mübarizə İdarəsinin təşəbbüsü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən maarifləndirici görüşdə səsləndirilib. Baş İdarə əməkdaşları ötən dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən genişmiqyaslı əməliyyat tədbirləri barədə iştirakçılara məlumat verib, “Narkotik vasitələrin, psixotrop maddələrin, eləcə də onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın uğurla icra olunduğunu bildiriblər.

Qeyd olunub ki, hü-quq mühafizə orqanları, dövlət və qeyri-hökumət təşkilatları, bir sözlə, gələcəyimizi sağlam görmək istəyən hər kəs narkotiklərlə-bu bəşəri bəla ilə mübarizə aparmaq üçün səfərbər olunub.
Daha bir tədbir Nərimanov Rayon Polis İdarəsinin təşkilatçılığı ilə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçirilib.

Tədbirdə çıxış edən polis polkovniki Arzu Heydərov narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, insan sağlamlığına ziyanından danışıb. O, narkotiklərin ölkəyə gətirilməsi və satışını təşkil edən cinayətkar qrup və dəstələrin ifşası məqsədilə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı şəhər, rayon polis orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsinin səmərəliliyinin artırılması üçün zəruri təşkilati və əməli tədbirlər görüldüyünü diqqətə çatdırıb, gənclərə təhsilə, idmana daha çox maraq göstərmələrini tövsiyə edib. Həmçinin, narkotiklərin satışı, alışı və istifadəsi ilə məşğul olanların məsuliyyətə cəlb olunmaları üçün birgə səylərin vacibliyini önə çəkib.

Görüşdə digər çıxışçılar narkomaniyanın dinindən, irqindən, milliyətindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcəli təhlükə olduğunu vurğulayıblar.

Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkomaniyanın fəsadlarından bəhs edən sosial çarx nümayiş etdirilib.
Qeyd edək ki, anoloji tədbirlər digər şəhər, rayon polis orqanları tərəfindən də keçirilib.

Teymur Əlizadə
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər