Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.10.2023

Yerinə yetirilən vəsiyyət

Müstəqilliyimizin yenidən bərpa olunması günlərinə təsadüf edən və hazırda bütün siyasi masaların müzakirə mövzusuna çevrilən hadisələrin bəlkə də birincisi Prezident İlham Əliyevin antiterror tədbirlərindən sonra azad olunan tarixi torpaqlarımıza məhz hakimiyyətə gəlişinin növbəti ildönümündə gerçəkləşən səfəridir.
Bu tarixi dönüşlə həqiqətin üstündən qara pərdələr qaldırıldı və dünyanın gözündə yazıqlıq etalonuna çevrilən “məzlum xalqın” Qarabağdakı “dövlət”inin “varlığına” son qoyuldu. Əslində onların sonunu gətirən faktı böyük Ermənistan xülyasının yer aldığı xəritəyə nəzər yetirən Müzəffər Ali Baş Komandan bircə cümlə ilə ifadə etdi: “Bunların xəstəliyi bax, budur. Dırnaqarası böyük Ermənistan. Onu bədbəxt eləyən bax budur”.

Hələ Vətən müharibəsindən öncə də Prezident İlham Əliyev beynəlxalq hüququn prinsiplərinə əməl etməsi, işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxarması və nəhayət öz xalqını gələcək təhlükələrdən qoruması üçün Ermənistan rəhbərliyinə xəbərdarlıq etmiş, daha doğrusu, şans vermişdi.
Xarici havadarlarının üç il bundan öncəyə qədər “Qorxma, səninləyəm” havasına uyan işğalçı indi peşimandır və “Bəlkə də qaytardılar” təsəllisinin məğlubiyyətinə dərman olmadığının fərqindədir.

Məsələ bitib. Azərbaycan suverenliyini təmin edib və bütövlüyünü qüdrətli ordu qoruyur. Birgəyaşayış və reinteqrasiya üçün verilən söz Prezident imzasıdır. Azərbaycan Ermənistandan fərqli olaraq dünya dövlətləri içərisində monoetnik dövlət “statusu” qazanmayıb. Tolerantlıq və ən əsası Azərbaycanda yaşayan bütün xalqları bir bayraq altında birləşməyə, dəmir yumruq olmağa səsləyən bir ideya, bir ideologiya var, o da Azərbaycançılıqdır. Məhz illər sonra işğal olunmuş torpaqları da “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycanılıyam” şüarı, gerçəyi ilə böyüyən Azərbaycan gəncliyi azad etdi.
Sevincliyik, qürurluyuq, həm də bizi bütövlüyümüzə qovuşduran oğulları xatırlayanda kövrəlirik.

Doğma yurdlara qayıdan Füzuli sakinləri ilə görüşdə "Əziz bacılar, qardaşlar, dostlar, bir daha təbrik edirəm. Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük",-deyərək kövrələn Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev kimi...

Böyük şəxsiyyətlərin kövrəlməyi də, sevinci də, kədəri də oxşar olur. Necə ki, illər öncə ulu öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun “Azərbaycan” şerini deyərkən kövrəlmişdi...

Hafiz Təmirov
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər