Logotype

1933-cü ildən çıxır

Xəbərlər

14.10.2023

Narkotiksiz Qarabağ

Təhlükəsizliyi təhdid edən ünsürlər zərərsizləşdirilir Qarabağ işğal altında olduğu otuz ilə yaxın bir dövrdə seperatizmin oylağına çevrildi. Separatçılıq isə harada baş qaldırırsa, orada transmilli cinayətkarlıq “çiçəklənir”, “qol-budaq” atır.

Nəzarətsiz zonalar qeyri-leqal ünsürləri “qidalandırır”. Yəni bir dövlətə qarşı yönəlmiş cinayətkar qəsddən yeni cinayətlər törəyir.


Yüz hektarlıq fakt


Neçə illər idi ki, Azərbaycan işğal altında qalmış ərazilərində insan alveri, narkotik maddələrin yetişdirilməsi, terrorçu qrupların hazırlanması kimi bəşəriyyət əleyhinə olan cinayətlərin törədildiyini bəyan edirdi. Qarabağın “boz zonaya” çevrilməsi belə cinayətlərin genişlənməsinə şərait yaratmışdı. Ölkəmiz rəsmi səviyyədə Qarabağ ərazisinin narkotik vasitələrin əsas tranzit məkanı olmasını əlaqədar beynəlxalaq təşkilatlar qarşısında gündəmə gətirir, narkotraffikin qarşısını almağa çalışırdı. Hələ o vaxt əməliyyat tədbirləri ilə əldə edilmiş məlumatlar göstərirdi ki, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanması Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təşkil edilir. Sonradan həmin narkotik vasitələr qonşu ölkələrə, oradan isə həm də Azərbaycana keçirilir.

İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə düşmən işğalından azad edilmiş ərazilərimizdə erməni hərbçilərinin istifadə etdiyi narkotik vasitələrin tapılması bu barədə narahatlıqların nə qədər əsaslı olduğunu göstərən ilk dəlillər idi. Qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra isə bölgədə kütləvi olaraq narkotik tərkibli bitkilərin plantasiyaları üzə çıxdı. Elə bu yaxınlarda polis əməkdaşları tərəfindən Xocalı ərazisində 100 hektarlıq sahədə çətənə kolu plantasiyası aşkarlandı. Fermer təsərrüfatı adı altında fəaliyyət göstərmiş plantasiyada narkotik tərkibli bitkilərə baxış keçirilərkən müəyyən edilib ki, həmin ərazidə çətənə kolunun sativa və digər qarışıq növləri aqrotexniki üsulla xüsusi qulluq olunaraq yetişdirilib. İlkin qənaət bundan ibarətdir ki, narkotik maddələri daha çox yaşayış yerlərinə yaxın ərazilərdə əkib-becərən separatçılar yerli əhalini də bu işlərə cəlb ediblər.
Necə deyərlər, bu da beynəlxalq aləmin görməli olduğu əlahəzrət fakt!


Transmilli cinayətkarlığa da zərbə vuruldu


Adətən, şübhəli şəxsin üzərindən bir neçə qram narkotikin tapılması onun məsuliyyətə cəlb edilməsinə əsas verir. Bir vaxtlar Qarabağda separatçılıq fəaliyyəti ilə məşğul olanların “üzərindən” isə cəmi bir neçə gün əvvəl “yüz hektarlıq” dəlil-sübutlar götürülüb.
Bu məsələ Azərbaycanın Qarabağ bölgəsindən narkotraffik üçün istifadə edildiyi barədə deyilənlərin öz təsdiqini tapması ilə yanaşı, beynəlxalq narkotik marşrutlardan birinin sıradan çıxarılması baxımından da əhəmiyyət daşıyır.
Azərbaycanın torpaqları üzərində suverenliyini və konstitusiya quruluşunu tam bərqərar etməsi ilk növbədə Azərbaycanın daxili işidir, təbii ki. Bununla belə, antiterror tədbirlərinin nəticəsinin beynəxalq təhlükəsizliyi təhdid edən terrorçuluq və narkotik qaçaqmalçılığı kimi transmilli cinayətkarlıqla mübarzəyə müstəsna təsirlərini də danmaq olmaz. Bir vaxtlar ölkənin itirilmiş iyirmi faizlik ərazisində nəzarəti ələ almış daxili işlər orqanlarının ilk zərbəni məhz terrorizmə və onun gəlir mənbəyi olan narkotik plantasiyalarına endirməsi bunu deməyə əsas verir.

Rəşad Mehtiyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər