Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.10.2023

İtirdiklərimiz və itkinlərimiz

Müstəqilliyimizin ilk illərində dövləti ayaqda saxlamaq üçün onun iqtisadi dayaqları ilə yanaşı, siyasi xəttini müəyyənləşdirən layihələrin hazırlanması, normativ-hüquqi bazanın formalaşdırılması prioritetlərdən olsa da ictimai sabitliyi etibarlı əllərə həvalə etmək həlli vacib problemlərin öhdəsindən gəlmək qədər müşkülə çevrilmişdi.

Lakin bütün çətinliklərə baxmayaraq, dövlətin etibar etdiyi güc kimi polisin həm ön, həm də arxa cəbhədə xidməti, sözün əsl mənasında, nəfəslik rolunu oynadı. Təsadüfi deyil ki, həmin dönəmdə mübarizə sözü ilə polis sözü bir-birinin sinonimi kimi işlənirdi...

Birinci Qarabağ müharibəsində Azərbaycan Polisi bəlkə də dünya hərb tarixində ilkə imza atdı. Döyüşən polis ifadəsi bu gün leksikonumuzda ona görə fəxarətlə səslənir ki, biz cəbhə, səngər, müharibənin odu-alovu deyəndə ilk yadımıza düşən həm də polis olur.

Yeri gəlmişkən, yüzlərlə əməkdaşı şəhidlik zirvəsinə ucalan daxili işlər orqanlarının taleyi bu gün də naməlum olan əməkdaşları var. Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşüb. İtkin düşmüş şəxslərdən 872 nəfərin vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur.

2020-ci ildə torpaqların işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açsa da, təəssüflər olsun ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Səbəb törədilən növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstünün açılmasından ehtiyat etməsidir...

İnanırıq ki, dünyanın diqqətinə çatdırdığımız, adlarını beynəlxalq kürsülərdən səsləndirdiyimiz vətəndaşlarımızın, həmkarlarımızın da çox yaxın zamanlarda taleyinə aydınlıq gətiriləcək.

Gəlin, itirdiklərimizi və itkinlərimizi tanıyaq:

Nəsimi RPİ-nin əməkdaşı, polis kapitanı Əhmədzadə Şahin Əyyub oğlu 1992-ci ilin may ayının 8-də itkin düşüb.

Qax RPŞ-nin əməkdaşı, polis baş leytenantı Məmmədov Əhməd Mustafa oğlu Şuşanın işğalı zamanı itkin düşüb.

Zəngilan RPŞ-nin əməkdaşı, polis leytenantı Paşayev Sabir Əziz oğlu 1993-cü ilin oktyabrında Cəbrayılda itkin düşüb.

Kəlbəcər RPŞ-nin əməkdaşı, polis baş serjantı Allahverdiyev Famil Heydər oğlu 1994-cü ilin yanvar ayının 25-də Kəlbəcərdə itkin düşüb.

Ağdam RPŞ-nin əməkdaşı, polis baş serjantı Ağayev Həsənalı Kommunist oğlu 1993-cü ilin iyunun 13-də Ağdamda itkin düşüb.

Ağdam RPŞ-nin əməkdaşı, polis serjantı Əliyev İman Qanboy oğlu 1993-cü ilin 22 iyununda Ağdamda itkin düşüb.

Qax Rayon Mühafizə Bölməsinin əməkdaşı, polis serjantı Lətifov Rəcəb Lətif oğlu 1992-ci il mayın 8-də itkin düşüb.

Xocalı Mühafizə Bölməsinin əməkdaşı, polis serjantı İlyasov Əhməd Məhəmməd oğlu Xocalının müdafiəsi zamanı itkin düşüb.

Ağdam RPŞ-nin əməkdaşı, polis serjantı Mustafayev Həsən Rəhbər oğlu 1992-ci il 13 iyun tarixində Ağdamda itkin düşüb.

Sözardı: Nə vaxtsa doğmalarının qapısı döyülüb, onlar tapıldı deyəcəklər. Kim bilir, bəlkə bu gün, bəlkə sabah...


Hafiz Təmirov

Geriyə Çap et


Faydalı keçidlər
Linklər