Logotype

1933-cü ildən çıxır

Xəbərlər

10.10.2023

Böyük hədəflərə doğru

Qədim türklərin döyüş ənənələrinə görə ailələrin də hərbi yürüşlərə aparılması hər kəsi istər-istəməz müsəlləh döyüşçüyə çevirirdi. Yəni bir döyüşçünün həyatı bir ailənin həyatı idi.

Bu, ilkin mənası ilə analogiya aparmaq üçün çox fərqli həyat tərzi kimi görünsə də, bir az polis ailəsinin yaşam tərzini andırır. O anlamda ki, qanun keşikçisinin işinin xarakteri ailənin həyatına təsirsiz ötüşmür. Sıralarımızda atasının məsləyini davam etdirən polis övladlarının olması bu bənzərliyin hələ görünən tərəfidir. Əməkdaşın ailə fərdləri elə onun özü qədər dövlət, qanun, hüquq sevən, hətta, bu ali dəyərlərin keşikçisi olurlar.

DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin şöbə rəisi, polis polkovniki Rahid Ələkbərovun hüquq təhsili alan qızlarının ixtisas seçimlərinə bəlkə heç özləri fərqində olmadan tarixdən gələn bu genetik kodlar və qanunun keşikçisi olan atalarının haqq mübarizəsi yön verib.

Məxmər və Zəhra Ələkbərzadə bacıları paytaxtda yerləşən Xocalı şəhər 2 saylı tam orta məktəbi fərqlənmə ilə bitiriblər. Bakı Dövlət Universitetinin hüquq fakültəsində sonuncu kursunda oxuyan Məxmər qəbul zamanı 673 bal toplayıb. İndiyədək bütün semesterləri əlaçı olaraq başa vurub. İkinci qızı Zəhra isə bu il Azərbaycan Diplomatik Akademiyasının 609 bal toplamaqla tədrisi ingilis dilində aparılan hüquq fakültəsinə daxil olub.

Hamı üçün ümumməcburi davranış qaydalarının məcmusu kimi başa düşülən hüquq metodiki olaraq, obrazlı ifadə ilə desək, həm də “dövlət tərbiyəsi” verir. Deməli, bu mənada, Ələkbərzadə ailəsi də dövlətin sanksiyalaşdırdığı dəyərləri qoruyanların səfində yer alır.

Övladlarının yüksək balla nüfuzlu təhsil müəssisələrinə qəbul olunmasından bir ata kimi qürur hissi keçirən polis polkovniki R.Ələkbərov hesab edir ki, ictimai qayda və təhlükəsizliyi qorumağın, cinayətkarlıqla mübarizənin ilk dayağı elə ailədir. Vətənə, dövlətə, xalqa sevgi ailə ocağında körüklənir: “Bu, mənim qızlarıma bir az da ana babalarının - Milli Qəhrəman Tofiq Hüseynovun qanıyla keçib”.

Xatırladaq ki, 1991-ci ildə Xocalıda özünümüdafiə taboru yaradan Tofiq Hüseynovu "Mixaylo" kimi də tanıyıblar. Onun adı cəbhə boyu dolaşıb və sonuncu döyüşü Xocalıda fevralın 26-da olub - əsrin ən böyük soyqırımı yaşanan gün. O, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bilib. Sonuncu gülləsinə qədər vuruşaraq şəhid olub.

Bakıda “məskunlaşan” Xocalı məktəbini bitirən Məxmər və Zəhranın məhz hüquq fakültəsində təhsil almaları ilə azad olunmuş Xocalıda tapdanan ədalətin bərpası və hüquq qaydasının nizama salınması arasında sanki ilahi bir bağlılıq var. Qəhrəman babanın ruhu da təsəlli tapıb. Bu iki gənc yalnız polis ailəsinə aid övlad deyil, eyni zamanda, sabah ölkənin hər yerində, o cümlədən Qarabağda qanunu qoruyacaq gəncliyi təmsil edir. Deyəsən, tale ananın damarları ilə onlara qəhrəmanlıq, dövlətin əmin-amanlığı üçün atadan fədakarlıq ərmağan edib.

Eyni ilə qədim döyüşçülərin həyatı kimi...

Rəşad Mehtiyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər