Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.10.2023

Qarabağın hər guşəsində biz varıq!

Elə bir dövr yaşayırıq ki, çox güman gələcək nəsillər bu günləri dərsliklərdən oxuyanda tarixi ədalətin bərpa edilməsinə şahidlik etdiyimizə görə bizə qibtə edəcək. Təəssüf ki, indi orta nəsil adlandırıla biləcək gəncliyin belə bir imkanı olmadı. Tale sanki bizdən üz döndərmişdi. Tarixə boylanmaq pozulmuş ərazi bütövlüyünün, tapdanmış suverenliyin, qaçqın və məcburi köçkünlüyün tragediyasına tamaşa etmək demək idi.

Bu gün daxili işlər orqanları əməkdaşlarının, daha dəqiq desək, dövlət yurisdiksiyasının yenidən ayaq basdığı Qarabağa o günlərdə ancaq şöləsi getdikcə öləziyən arzularda dönə bilirdik.

Azərbaycanın ali məqsədi İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etməsini Laçında sərhəd-buraxılış məntəqəsi qurmaqla “möhürlədi”. “Nəyi, necə, nə vaxt etmək” lazım olduğunu çox məharətlə müəyyən edən Prezident İlham Əliyev Qarabağ problemini möhtəşəm sonluqla yekunlaşdırdı. Budur, artıq lokal antiterror tədbirləri ilə azad edilən rayonlarda biri-birinin ardınca ucaldılıb suverenlik rəmzi kimi dalğalandırılan Azərbaycanın üçrəngli bayrağı kimliyindən asılı olmayaraq hər kəsi xalqımıza xas tolerant dəyərlərə, multikultural harmoniyaya qatılmağa dəvət edir.

Hazırda dövlət orqanları Qarabağda yaşayan erməni sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata keçirilməsi, sosial-humanitar ehtiyaclarının qarşılanması üçün birgə fəaliyyətə başlayıblar. Daxili işlər orqanları isə ictimai qaydanı və ictimai təhlükəsizliyi təmin etməklə bu işlərin həyata keçirilməsinə əlverişli zəmin yaradır. Ərazidən çıxarılıb müvafiq düşərgələrə yerləşdirilərkən, yaxud könüllü olaraq Qarabağı tərk edərkən qida və tibbi təminatları həyata keçirilən, mühafizə edilən sakinlər əsl
dövlət qayğısını hiss edirlər.

Qarabağa öncə qanun qayıtdı!
Erməni sakinlərin reinteqrasiyası ilə bağlı görülən işlərdə ərazidə ictimai asayişin qorunması və sakinlərin təhlükəsizliyinin təminatı hazırda daxili işlər orqanlarının Qarabağda gündəlik xidmətinin bir parçasıdır. Azərbaycan qanunlarının orada tam işlək vəziyyətə gətirilməsi üçün keçirilən kompleks tədbirlər çərçivəsində erməni silahlı birləşmələri tərəfindən tərk edilmiş döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir, ərazidə kommunikasiya xətləri bərpa olunur. Yaşayış məntəqələrini birləşdirən yollar üzərindəki səngərlər bir də heç vaxt Vətənin bağrına yara açmasın deyə qapadılır. Silah-sursatın aşkarlanaraq təhvil verilməsi, tərksilah və tərxis prosesi də başa çatdırılmaq üzrədir. Bir sözlə, Qarabağ bölgəsində sosial, humanitar, infrastruktur və təhlükəsizlik məsələləri öz həllini tapmaqdadır.

Bu günlərdə Xocalıda 100 hektardan çox ərazidə kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyasının aşkar edilməsi Qarabağın işğal dövründə narkotranzit kimi istifadə edildiyi barədə deyilənləri təsdiq etmiş oldu. Bundan əvvəl daxili işlər orqanlarının əməkdaşları mülki obyektlərdə partlayıcı qurğuların yerləşdirildiyini üzə çıxarmışdı. Bu faktlar onu göstərir ki, ərazinin kriminal ünsürlərdən təmizlənməsinə nə qədər prinsipial, nə qədər peşəkar yanaşılır. Bu gün daxili işlər orqanlarının əsas diqqəti Qarabağda, nəhayət, ictimai asayişin, ictimai təhlükəsizliyin, əmin-amanlığın tam təmin edilməsinə yönəlib.

Yeni reallıqlar qarşımıza daha mühüm vəzifələr qoyur. Orada dövlət qanunlarının aliliyini Azərbaycan Polisi inşa edəcək. Bu şərəfli missiyanın yükü polisin güclü çiyinlərindədir. Dünya da rahat olsun. Qanunlar çərçivəsində yaşayan, hüquqi öhdəliklərinə əməl edən hər bir vətəndaş dövlətimizin həmişə təmin etdiyi ədalət, hüquq və azadlıq çətirinin altında təhlükəsiz yaşayıb, bundan sonra da belə olacaq.

Rəşad Mehtiyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər