28.09.2023
Həqiqət və ədalət naminə
Müasir dövrdə sabitlik bir çox amilə bağlıdır. Qanunun aliliyi və ədalətin bərpa ediməsi isə həmişə başlıca kriteriya kimi sabitlik anlayışının mərkəzində dayanıb.
Buna polisin vəzifəsi prizmasından baxanda, qarşımızda duran vəzifələr tələb edir ki, cinayətkarın məsuliyyətə cəlb edilməsini nə qədər vacib hesab ediriksə, cinayət yolu ilə əldə olunmuş pulun, əmlakın vurulmuş ziyanın ödətdirilməsinə yönəldilməsini də bir o qədər önəmli sayaq. Çünki cinayətin ağırlıq dərəcəsindən asılı olaraq, ədalətin tam bərpa edilməsi bu halda mümkün olur.
Polis ədalət mühakiməsində necə iştirak edir?
İbtidai araşdırmanın ilk vəzifəsi cinayət törədilməsində təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasını müəyyən edən sübutların toplanmasından ibarət olsa da, zərərin təhqiqat - istintaq mərhələsində ödənilməsi ilkin araşdırmanın ilk uğuru sayılır. Polisin bu istiqamətdəki fəaliyyəti ilə bağlı hər gün vətəndaşlar dələduzluq cinayətindən tutmuş, yol-nəqliyyat hadisələri zamanı avtomobilə dəymiş maddi zərərin ödətdirilməsinə qədər üzləşdikləri müxtəlif qanun pozuntusunun aradan qaldırılmasına görə təşəkkür və minnətdarlıq edirlər. Bu vətəndaşların hər birinin fikri sanki polisin yerlərdə “ədalət mühakiməsində” iştirak səviyyəsini göstərən indikatordur. Həm də inzibati ərazilərdəki idarə, şöbə və bölmələrin ədalətə açılan qapı olması gerçəkliyini ifadə edən indikator.
Bütövlükdə isə məhkəmə hökmünün qanuniliyi, əsaslılığı və ədalətliliyi də ibtidai araşdırmanın operativliyindən, vaxtında aparılmasından və obyektivliyindən xeyli dərəcədə asılıdır. Yüksək keyfiyyətli və bacarıqla aparılmış ibtidai araşdırma törədilmiş cinayətin mahiyyətini, təqsirləndirilən şəxsin günahkar olub-olmadığını düzgün araşdırmağa, ədalətli cəza tədbiri seçməyə, eləcə də hökmlə əlaqədar digər məsələləri həll etməyə imkan verir. Zərərin ödətdirilməsinə elə bu konteksdə yanaşsaq, təhqiqatçı və müstəntiqlərin həqiqətin üzə çıxarılması istiqamətindəki fəaliyyətilə yanaşı, ədalət mühakiməsində nə qədər yaxından iştirak etdiklərinin də şahidi olarıq.
Yeri gəlmişkən, bu məsələ ilə bağlı cari ilin 8 ayının göstəricilərinin də pozitiv məzmun daşıdığını qeyd edə bilərik. Çünki polis müstəntiqlərinin icraatında olan və istintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş maddi ziyanın ödətdirilməsi bu dövrdə 76,5 faiz təmin edilib.
Nəticənin təhlilləri göstərir ki, zərərçəkən itirdiyi vəsaiti, əmlakını yenidən əldə etdiyinə görə məmnun qalır, pozulmuş hüququn bərpa edilməsi təhqiqatçılar, müstəntiqlər üçün xidməti uğur sayılır, məhkəmələr isə bir çox halda əlavə işlərlə yüklənmir. İlkin araşdırma prosesində məsələnin öz həllini tapması halında isə bundan cinayət törədən şəxs də “qazanclı” çıxır. O mənada ki, islah olunmağın əhəmiyyətini iş işdən keçəndən sonra yox, daha tez anlayır.
Başlıca meyar vətəndaş məmnunluğudur
Təhqiqat və istintaq işinin düzgün təşkili hüquqları qorunan, ədalətin bərpa edildiyinin şahidi olan vətəndaşların məmnun qalmasını şərtləndirir. Bütün kollegiyalarda, naziryanı iclaslarda da müxtəlif xidmət sahələrinin rəislərinin qarşısında rəhbərliyin daima dəyişməz olaraq bir tələbi qoyulur: vətəndaşlar polisin fəaliyyətindən razı qalmalı, məmnun olmalıdır! Qanunçuluğun qorunması və prosessual araşdırmaların düzgün aparılması kimi vacib istintaq tədbirlərindən söz gedəndə isə bu tələbin təsir qüvvəsi bir qədər də artmış olur.
Bir sözlə, qanunla müəyyən edilmiş funksiyaların, hüquqi prosedurların və cinayət təqibinin dəqiq, düzgün, effektiv həyata keçirilməsi istintaqın və təhqiqatın əsas keyfiyyət göstəricisi, fəaliyyətin qiymətləndirilməsinin başlıca meyarı isə vətəndaş məmnunluğudur.
Rəşad Mehtiyev