Logotype

1933-cü ildən çıxır

Xəbərlər

27.09.2023

Asayişin, sabitliyin keşiyində

Zamanın axarını dəyişdirən Vətən müharibəsi illərdir ki, qanımızda coşub-qaynayan qəhrəmanlığımızı yenidən sübut etmək üçün, sözün əsl mənasında, bizə meydan verdi. Məğlubiyyət acısının, torpaq itkisinin dinc şəraitdə belə neçə-neçə insanın həyatına son qoyması gərilən əsəblərimizi 2020-ci ildə güllə kimi düşmən üzərinə yağdırdı. Leksikonumuzda qalib Xalq, qalib Ordu kəlmələri boy verdi. 7-dən 77-yə bu sözləri fəxarət hissi ilə hər yerdə, özü də ucadan deyə bildik. Həsrətində olduğumuz günlərə, topraqlara qovuşdurdu bizi 44 gün.
Azərbaycan gəncliyi üç il öncə həm də öz işıqlı gələcəyinin konturlarını cızdı. Üçrəngli bayrağın altında daha böyük qələbələr qazanmağın, zirvələr fəth etməyin yolu bu gün Xankəndindən keçir…

Döyüşən oğulların sırasında Vətənə borcunu ödəyənləri, odlardan, alovlardan keçənləri bu gün bizimlə çiyin-çiyinə asayişi, əmin-amanlığı qorumaq üçün daxili işlər orqanlarına qəbul edən DİN rəhbərliyi ali rəhbərimizin tapşırığına uyğun olaraq onların həyatında yeni bir səhifə açdı.
Onlardan biri də Ülvi Yusif oğlu Babayevdir.
Ülvi Babayev 1996-cı ildə Naxçıvan MR Şərur rayonunun Kürkənd kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 2013-2017-ci illərdə Naxçıvan Dövlət Universitetində təhsil alıb. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidlik göstərib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülüb.
O, 2022-ci ildən daxili işlər orqanlarında xidmətə qəbul olunub. Nərimanov RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis kiçik serjantıdır.

Aytəkin Nəcəfova
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər