Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.09.2023

Humanizm ən ali dəyərimizdir

Bu şəkillər hələ uzun illər yaddaşlarda, sonra arxivlərdə qalacaq. Düşmənin dosta çevrilməsi, dünyanın bizim ədalətimizə inanması üçün bunu etmirik. Bu, bizim qan, gen yaddaşımızdan gələn dəyərlərdir. İllər öncə Gülüstandan, Türkmənçaydan sonra tarixi torpaqlarımızda məskunlaşanlara da xoş üz göstərib, hətta süfrəmizin başında oturtmuşuq. Xeyirxahlığımız, ədalətli olmağımız qənimimizə çevrilsə də, necə deyərlər, “xəmirimiz belə yoğrulub”.
Ancaq haqsızlıq bıçaq olub sümüyə dirənəndə, səbrimizin tanrının da daşmağını istədiyi anda…

O an 2020-ci ilin sentyabrında gəldi və…

Və biz Xankəndinin bir addımlığında, daha doğrusu, başının üstündə möhkəmləndik. Xankəndindəkilər yenə farağat durmadı, əl uzatdı, dil uzatdı. Ox kimi gərilən əsəblərimiz o zaman yayından çıxdı ki, düşmən minaları dinc insanların, sonra da onlara yardıma tələsən Azərbaycan Polisinin həyatına son qoydu. Bu qığılcım hələ sönməyən müharibə közünü İrəvanı belə yandıra biləcək alova çevirdi.
23 saat, 43 dəqiqə
Bu şəkillər, əslində, 23 saat, 43 dəqiqə ərzində yaşananların finalıdır. Bu şəkillər Valdaydakı nidanın “Artsax” təəssübkeşlərinin ümidlərinə başdaşı olduğunun bariz nümunəsi , Ermənistanın isə Qarabağ Azərbaycandır etirafıdır.

Bəlkə də oğlu, qızı, yaxın qohumu Xocalıda qanımızı tökən, Şuşa həbsxanasında əsgərlərimizə işkəncələr verən bu yaşlı insanlara, əli yalın sakinlərə və yaxud da silahı yerə qoyub aman diləyənlərə Azərbaycan Polisi əlləri ilə çörək, su verir, yarasını sarıyır, qayğısına qalır. Nifrətimiz, qəzəbimiz soyumayıb, ancaq biz insanıq axı…
Biz, sözün əsl mənasında, humanitar dəhliz yaratmışıq. Can qurtarırıq, can almırıq. Bu çadırlar onların təhlükəsizliyi, həyatlarının xilası üçün dövlətimiz tərəfindən yaradılıb. İnsanpərvərliyimizi, humanistliyimizi Azərbaycan etnik təmizləmə aparır deyənlər, vaxtilə haqsızlığa göz yumanlar, susanlar görməsə də olar. Görən görür…

Bu şəkillərin bizə düşmən kəsilənlərin ürəyini yumşaltmasına əminliyimi yazmaqda çətinlik çəksəm də, ölkəmin, dövlətimin öz vətəndaşına qayğısını, doğmalağını, ən çətin şərtlər altında belə onu qorumağını yazmaqda çətinlik çəkmirəm.

Hafiz Təmirov
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər