Logotype

1933-cü ildən çıxır

Xəbərlər

22.09.2023

Operativ, əlçatan…

Vətəndaşın polisə dəstəyi günün tələbidir. Çünki cəmiyyətin xilası uğrunda birgə mübarizənin aparılması bədbəxtliklər üzərində xoşbəxtlik qurmaq istəyənlərin ümidlərini puç edir.
“Vətəndaşla polis anlaşanda sabitlik olur. Sovet dönəmində vətəndaşla polis arasında bir sədd vardı və tərəflər bir-birinə yaxınlaşmırdı. Bu sabitliyə, əmin-amanlığa, inama, etibara da təsirsiz ötüşmürdü. Bu gün polis əlçatandır. Sözünü deyə bilirsən, xırda bir problemin olanda belə həlli üçün bütün qapılar üzünə açılır. Biz sözlə, müasir yeniliklər də paytaxtla əyalət arasındakı məsafə problemini çoxdan aradan qaldırıb”.

Həmsöhbət olduğumuz polis veteranları dövrün tələbini və təlabatını təhlil edərkən gəlinən nəticənin yuxarıda qeyd olunanlarla kifayətlənmədiyini qeyd etdilər. Dedilər ki, polisin vəzifə borcuna sadiqliyi, münasibəti və onun fövqündə dayanan humanist, insani dəyərlərə sayğısı məhz onu cəmiyyətdə söz sahibi kimi daha da rəğbətləndirir. Bütün bunlar isə cəmiyyət dəstəkli polis obrazına inamın haradan qaynaqlandığını gözlər önünə sərir. Ölkəmizə gələn əcnəbilərin də polisin fəaliyyətini təqdir etməsi fəaliyyətin xidməti və insani dəyərlər üzərində qurulmasının inikasıdır. Hətta sosial şəbəkələrdə əcnəbilərin Azərbaycan Polisi haqqında fikirləri öz ölkələrində marağa səbəb olur ki, bu da ölkəmizin tanıtımına töhfə verir.

Xalq üçün, xalqın rahatlığı üçün xalqla birlikdə
XXI əsrin təhdidləri və çağırışları bu deyimin aktuallığını daha da artırıb. Narkotiklərin dövriyyəsi sərhədləri aşsa da hər gün bu bəla ilə mübarizədə ciddi uğurların qazanılması zəif iradə ovuna çıxanları daha da azğınlaşdırır. Şübhəsiz ki, onların hədəf aldığı, əsl peşəkar maneə kimi gördükləri güc polisdir. Ölkəmizdə ötən iki ay ərzində “qara bazarda” qiyməti 32 milyon manatdan çox olan narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması onları daha fərqli yollar aramağa vadar edir. Ancaq…polis ayıqdır, gərəkdir ki, vətəndaşlar da sayıqlıqlarını itirməsinlər.

Vətəndaş dəstəyi…
Bütün neqativlərlə mübarizədə vətəndaş dəstəyi müsbət nəticələri ortaya qoyur. Narkotiklərlə mübarizəyə, ictimai rezonans doğuran cinayətlərə və ekoloji tarazlığın pozulmasına yol açan faktlara münasibətdə gərəkdir ki, hər kəsin vicdanı onun öz polisi olsun. O zaman polisin vətəndaşları qorumaq üçün hansı fədakarlıqlara imza atmasını, onun ölüm-dirim mübarizəsinin fəlsəfəsini hər kəs daha aydın şəkildə görə bilər.
Cəmiyyətin inkişafını, övladının gələcəyini uğurlu, zərərli vərdişlərdən uzaq görmək istəyən hər kəs polisin ağır yükünün altına çiyinlərini verməklə həm asayişin qorunmasını asanlaşdırır, həm də öz vətəndaş borcunu yerinə yetirmiş olur.

T.Hafiz

Geriyə Çap et


Faydalı keçidlər
Linklər