Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.09.2023

Örnək idmançı...

O, Avropanın ən yaxşı rinq məşqçisi seçilib idmanda maraqlı bir “adət” var. İdmançı qalib gələndə çempion olur, məğlub olanda isə gözlər məşqçiyə zillənir, ondan hesab sorulur. Bunun doğru və ya yanlış olduğunu mübahisələndirmək fikrim yoxdur. Sadəcə olaraq, əgər məğlubiyyətin məsuliyyətini ilk növbədə məşqçi daşıyırsa, deməli, qalibiyyətin də idmançıdan əvvəl məşqçinin adına yazılması haqsızlıq olmazdı.

Uğurun memarı DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Hikmət Hacıyev də çiyinlərində belə ağır məşqçi məsuliyyəti daşıyır. 2010-cu ildən baş məşqçisi olduğu Kikboksinq üzrə Gənclər və Yeniyetmələr üzrə Milli Yığma Komandanın dəfələrlə həm yerli, həm də beynəlxalq çempionatlardan qalib ayrılması ilə həmkarımızın adı Azərbaycanın idman tarixinə yazılıb. Bu yaxınlarda İstanbulda keçirilən yeniyetmə və gənclər arasında kikboks üzrə WAKO Avropa birinciliyində 16 qızıl, 16 gümüş, 31 bürünc medalın qazanılması da baş məşqçi olaraq məhz onun triumfu idi.

DİN-in İdman Cəmiyyətində gənc idmançıları peşəkar rinqlərə, polisləri cinayətkarlarla əlbəyaxa döyüş, fiziki müdaxilə anına hazırlayanlardan biri kimi Hikmət Hacıyev idmançı həmkarlarımız üçün örnək ömür yolu keçməkdədir. Onun parlaq məşqçi karyerası hərbi xidmətdə olarkən DİN Daxili Qoşunlarının hərbiçiləri arasında keçirilən əlbəyəxa döyüş, silahsız özünü müdafiə yarışlarında fəxri kürsülərə yüksəlməklə başlayıb. Sonralar kikboksinq üzrə veteranlar arasında Avropa 3-sü və Dünya Kuboku 3-sü olub. Əməkdar idman ustası, Əməkdar məşqçi fəxri adlarını almasının, dəfələrlə "İlin məşqçisi", nəhayət, İstanbulda ən yaxşı rinq məşqçisi - “Best coach” seçilməsinin təməli elə daxili işlər orqanlarında qoyulub.

Müsahibimiz olan H.Hacıyev deyir ki, İstanbulda Azərbaycan kikboksinq idman növünün 30 ili ərzində ən böyük uğura imza atılıb. Bunun bir səbəbi də odur ki, yarışda İdman Cəmiyyətini təmsil edən 23 idmançıdan 17-si Vətənə qızıl, gümüş və bürünc medalla dönüb. İstanbulu “fəth edən” bu idmançılarımızın içində polis əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının övladları da var: “Hər dəfə himnimiz səslənəndə komanda olaraq bayrağımıza hərbi təzim edirik. Gənc idmançılarımız hərbi salam vəziyyətində dururlar. Onların əksəriyyətinin atası, anası, bacısı, qardaşı ya hərbçi, ya da polisdir...”

Polislərin fiziki hazırlığı yüksək səviyyədədir. Polislərin fiziki hazırlığına DİN və İdman Cəmiyyətinin rəhbərliyi tərəfindən xüsusi diqqət ayrıldığını, bunun da idman zallarına könüllü gələn əməkdaşların sayına ciddi təsir göstərdiyini deyən müsahibimiz qeyd edir ki, asayiş keşikçilərinin fiziki hazırlığı, çevikliyi yerindədir, yüksəkdir. Bütün idarə, şöbə və bölmələrdə yaradılan şərait cinayətkarlıqla mübarizədə polislərin fiziki imkanlarını artırmağa kömək edir. Onun sözlərinə görə, xidmət etdiyi DİN Baş Mühafizə İdarəsinin əməkdaşlarının əlbəyaxa döyüş, silahsız özünümüdafiə bacarıqlarını artırmaq üçün məşğələlər də aralıqsız davam etdirilir. Həftə ərzində İdman Cəmiyyətində keçirilən məşğələlərə və imtahanların götürülməsinə isə Cəmiyyətin rəisi, polis polkovnik-leytenantı Mövlud Mirəliyev şəxsən nəzarət edir.

Müsahibimiz onu da diqqətimizə çatdırır ki, İdman Cəmiyyətinin Kikboksinq bölməsini və bir baş məşqçi olaraq onu qarşıda yeni bir sınaq gözləyir. Yetirmələrini 22-24 sentyabr tarixlərində Bakı İdman Sarayında keçiriləcək kikboksinq üzrə respublika çempionatına hazırlayan H.Hacıyevin komandası yarışlara yenə də bütün klublardan çox idmançı çıxaracaq. Hədəf isə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinə 26-cı Respublika Kubokunu gətirməkdir. Öz sözləri ilə desək: “Üzərinə qalib gələnin də, gəlməyənin də alın təri, komanda ruhu hopacaq Kuboku...”

Rəşad Mehtiyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər