Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.09.2023

Sabahın zabitləri

Azərbaycanda ictimai qaydanın, insan hüquq və azadlıqlarının nümunəvi qorunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə peşəkar heyətin formalaşmasında DİN-in Polis Akademiyasının özünəməxsus yeri var.
Bu ali təhsil müəssisəsinin bütün maddi-texniki gücü, pedaqoji heyətin bilik və bacarığı nəticə etibarı ilə vətəndaşın can və əmlak güvənliyinə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsinə, cinayətkarlıqla, inzibati xətalarla mübarizənin metodoloji əsaslarının öyrədilməsinə yönəlib. Akademiya əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi və istintaq aparatı funksiyasının yerinə yetirilməsi kimi vəzifələrin icrasında “ön xətdə” mövqe tutmasa da, cinayətkarlıqla nəzəri-praktiki mübarizənin əsas institutudur.

Qəbul obyektiv və şəffaflıqla aparılır
Yeni tədris ilinin başlaması ilə “Polis andı”nı qəbul edib Akademiyada təhsil almağa başlayan I kurs kursantları da sabahın qanun keşikçiləri kimi artıq polis peşəsinin sirrlərini öyrənməyə başlayıblar. Bu gün onların sıra meydanında atdıqları mətin addımlar qanunçuluğun və hüquq qaydasının gələcəkdə də qorunması estafetinə doğru aparır. Onların arasında ölkənin hər yerindən və cəmiyyətin hər təbəqəsindən gənclər var.
Valideyni dövlət işçisi, maddi rifah halı yüksək və ya aztəminatlı olmasından asılı olmayaraq bir amala, bir arzuya bəslədikləri inam onları Akademiyaya gətirib.
Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlər həm də o mənada diqqət çəkir ki, bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin qapıları biliyi, savadı olan hər kəsin üzünə açıqdır. Bu, I kurs kursantları Allahverən Fərzullazadə, Hüseyn Məmmədov, İzzət Abbasov, Ramazan Əliyev, İmdat Mazanov və Cahangir Mehdiyevin timsalında özünü daha aydın göstərir.

Hər iki valideynini itirdiyinə görə dövlətdən sosial yardım alan R.Əliyev Akademiyaya 534, atalarını itirən A.Fərzullazadə 446, İ.Mazanov 481 balla qəbul olub. Valideynləri fərdi əməklə məşğul olan H.Məmmədovun 491, İ.Abbasovun 598 və C.Mehdiyevin 625 bal toplamaqla kursant adını qazanması faktı həm də qəbulun obyektivliyini, şəffaflığını ifadə edir.

Elmi potensial müasir tələblərə cavab verir
Kursantlar deyir ki, Akademiyanın cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təminində fəaliyyət göstərəcək kadrların yetişdirilməsi üçün bütün maddi-texniki təminata malik olduğunun ilk günlərdən şahidi olublar.
Dövlət qayğısı ilə əhatə olunan təhsil müəssisəsi müasir dövrün təhdid və çağırışlarına, həmçinin innovasiyaların inkişafına və tətbiqinə əsaslanan tədris proqramına malikdir. Akademiya kampusunda müasir yataqxanalar onların sosial və məişət şəraitini müasir tələblər səviyyəsində təmin edir.
Buradakı tədris modulu, kriminalistik şəhərcik, idman meydançaları, tədris korpusları və zəngin kitabxana peşəkar zabit kimi formalaşmalarına geniş imkanlar açır.

Rəşad Mehtiyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər