14.09.2023
Ümidlərin itmədiyi ünvan...
“Tapıntılar bürosu”nda gördüklərimiz və eşitdiklərimiz
Vətəndaşlıq mövqeyi nümayiş etdirib tapdığı sənədi, əşyanı təhvil verən və ya itirdiklərini axtaran şəxsin yolu adətən Bakı Şəhər Baş Polis İdarəsinin “Tapıntılar bürosu”na düşür. Hər il yüzlərlə itki sahibi ümidlə bu ünvana üz tutur.
On yeddi ilin bir günü...
Əsas vəzifəsi fiziki və hüquqi şəxslərdən daxil olan tapılmış əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə qaytarılmasından ibarət olan büro 2006-cı ildən etibarən fəaliyyət göstərir. On yeddi illik büronun bir günlük işini görmək və “reportyor gözü” ilə göstərmək üçün biz də oraya yollanırıq. Büroya çatanda polis əməkdaşları sənəd axtarışı üçün müraciət edən vətəndaşların ərizələrini qəbul edib, sənədləşmə və axtarış prosedurunu izah edirdilər.
Fürsətdən istifadə edib onlardan biri, Mirəli adlı paytaxt sakini ilə söhbət edirik. İkinci kurs tələbəsi olan müsahibimiz deyir ki, büro haqqında əvvəlcədən məlumatlı olub, hətta yaxınlarından əşya və ya sənəd itirən olanda buraya yönəldib: “Bir neçə gün əvvəl isə özüm sənədimi itirmişəm. İndi onun burda olub-olmadığını öyrənmək üçün müraciət etməyə gəlmişəm”.
Sənədini axtaran vətəndaşa ərizə ilə müraciət etmə qaydasını izah edən polis nəfəri, polis baş serjantı Mazan Nuriyev bildirir ki, itirilmiş sənəd və əşya axtarışı barədə daxil olmuş müraciətlərə 10 gün müddətinədək, xüsusi yoxlama aparılması zəruri hesab edilməyən hallarda isə 3 iş günü ərzində baxılır. Daha sonra bu haqda vətəndaşlara büronun möhürü ilə təsdiq edilmiş arayış verilir.
Bakıda itirilənlər büroda axtarılır
Burada öyrənirik ki, tapılmış əşyalar, adsız və ünvansız sənədlər 1 ay müddətində saxlanılır. Həmin müddətdə sahibi aşkar edilmədikdə isə onlar tarixi, mədəni, maddi və digər dəyərlərindən asılı olaraq aidiyyəti üzrə təhvil verilir. Şəxsi sənədlər (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, tələbə bileti və s. ) 10 gün müddətində saxlanılır. Bu müddətdə müraciət edilmədikdə sahiblərinin yeri müəyyən olunaraq özlərinə qaytarılır, sənədlərin etibarlılıq müddəti bitdikdə isə vətəndaşların qeydiyyatda olduğu ərazi polis orqanlarına, hərbi biletlər isə aidiyyəti üzrə səfərbərlik xidmətinə göndərilir. “ASAN xidmət” mərkəzlərində, ayrı-ayrı dövlət orqanlarında unudulan sənəd və əşyalar da “Tapıntılar bürosu”na təhvil verilir.
Həmkarımız bizə deyir ki, vətəndaş tapdığı sənəd və ya əşyanı ərazi polis orqanlarına da verə bilər. Yerli polis orqanında bir ay ərzində itirilmiş sənədin, əşyanın sahibi tapılmasa, onda məktub əsasında büroya göndərilir. Ancaq elə vətəndaşlar da var ki, polisin bu spesifik xidməti haqda məlumatlıdır və tapdıqlarını gətirib özləri təhvil verirlər. Ümumiyyətlə, paytaxtda itirilənlər barədə büroya, bölgələrdə isə rayon polis şöbələrinə müraciət olunur.
Cari ilin sentyabrına qədər təhvil vermə və axtarma ilə bağlı büroya 2000-ə yaxın müraciət daxil olub. Ən çox nikah şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi, diplom, tələbə bileti, attestat, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və s. bağlı müraciətlər edilir.
Əsas meyar vətəndaşı məmnun etməkdir
Büronun digər əməkdaşı, polis baş serjantı Sahil Qurbanov əlavə edir ki, vətəndaş məmnunluğunun təmin edilməsi “Tapıntılar bürosu”nun fəaliyyətində əsas tələb kimi müəyyən edilib. Bütün müraciətlər daxil olduğu andan diqqətdə saxlanılır və qanunla müəyyən edilmiş vaxt ərizində baxılır: “Bəzən tapılan sənədlərin, əşyaların sahibləri müəyyən edilmiş vaxt ərzində gəlib sənədini götürmür. Məsələn, 2018-ci ildə “ASAN xidmət” mərkəzində diplomunu unutmuş vətəndaş bu günlərdə müraciət edib ki, o zaman təhvil götürməli olduğu sənədi ona verək. Aydındır ki, saxlanılma müddəti keçdiyinə görə belə sənədlər aidiyyəti üzrə təhvil verilir”.
Bu kimi hallarda belə vətəndaşa kömək etməyi özlərinə borc bilən polis əməkdaşları bütün mümkün vasitələrdən istifadə edib sənədin tapılmasına çalışdıqlarını söylədilər. Vətəndaşa yeni sənəd əldə etməsi üçün müvafiq arayış da təqdim edilib.
Adi iş günləri saat 09:00-dan 19:00-dək, şənbə günləri isə saat 09:00-dan 15:00-dək fəaliyyət göstərən bürodan ayrılanda günün yarısı xeyli keçmişdi. İtirdiklərini axtaran vətəndaşlar isə ümidlə büroya gəlməkdəydilər...
Rəşad Mehtiyev
polis baş serjantı