Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.09.2023

Onlayn dələduzluqda niyyət…

Dələduzluğa məruz qalmamaq üçün nə etməliyik? Diqqətli olmalıyıq, hər deyilənə, hər vədə inanmamalıyıq. Əgər o adamı heç tanımırıqsa...
Sosial şəbəkələrdə qarşıma çıxan görüntüdə vətəndaş gördüyünü maraqlı şəkildə izah edir və düşüncələrini bölüşürdü: “Əgər biz sosial şəbəkə üzərindən tanımadığımız birinin şirin vədinə aldanıb kart nömrəmizi veririksə və sonradan kömək üçün aidiyyəti orqanlara üz tuturuqsa, deməli, qəbahət özümüzdədir. Çünki üzünü belə görmədiyimiz insanlara etibarımız bizləri çıxılmaz vəziyyətdə qoyur. Çıxış yolu isə bəzən tapılmır”… Və ən maraqlısı, onun dələduzlara aldanmamaq üçün elə sosial şəbəkələr üzərindən polisin vətəndaşlara uyarısını xatırlatması onunla həmrəy olanların “layk”larının çoxluğu ilə müşahidə olunurdu…

Polis maarifləndirmənin bütün formalarından istifadə edir
İstənilən mövzuda hüquqi yardımla, maarifləndirmə ilə bağlı axtarış versək, orada polisin dəst-xəttini görəcəyik. Əməl edənlərə gəlincə…
Sosial şəbəkə istifadəçisinin “Gördüyümüz, bildiyimiz, lakin əməl etmədiyimiz həqiqətləri polis bizlərə hər gün xatırladırsa” fikri vətəndaşın da deyilənlərə əməl etməsinə borclu olduğu gerçəkliyini ortaya qoyurdu. Cinayətkarlıqla qətiyyətli mübarizə ilə yanaşı, maarifləndirmə ilə daha böyük uğurlara necə imza atmaq olar tezisi üzərində mütəmadi işləyən polis onun hüdudlarını genişləndirməklə istədiyinə nail olur. Bu, törədilən cinayətlərin statistikasında da özünü göstərir.

“Polis istəyir ki”...
Yenə də qayıdırıq sosial şəbəkə istifadəçisinin fikirlərinə: “Polis istəyir ki, bizim illərlə əziyyət çəkib, min bir zəhmətə qatlaşıb əldə etdiyimiz pulu, varı bir göz qırpımında kimlərsə talamasın. Polis deyir ki, evdən çıxarkən qapınızı asma qıfılla bağlamayın. Bu o deməkdir ki, siz evdə yoxsunuz. Oğrular da bundan istifadə edib oğurluğa cəhd edə bilərlər. Pul və qiymətli əşyalarınızı ailə üzvlərinizdən kənar şəxslər bilməməlidir. Azyaşlı ailə üzvlərinin, qohum və qonaqların evdə olduqları vaxt pul və qiymətli əşyaların saxlanc yerinə qoyulub-götürülməsi hallarına yol verilməməlidir. Evlərinizi və obyektlərinizin daimi stasionar qaydada mühafizəsini təmin etmək üçün mühafizə polisi ilə müqavilə bağlamaq, bu mümkün olmadıqda isə evlərinizin və obyektlərinizin ətrafına kamera quraşdırmaqla mühafizəni təmin etməyiniz məsləhət görülür”...

Polis cəmiyyətdə dəyişiklik etmək, uzun illər formalaşmış stereotiplərə qarşı mübarizə aparmaq üçün təbliğ etdiyi ideyanın dönüş yaradacağına inanır və bu inamla vətəndaş məmnunluğu naminə gecəli-gündüzlü xidmət aparır.
Bu gün cəmiyyəti arxasınca aparmaq gücünə malik olan texnoloji yeniliklər, xüsusən də sosial şəbəkələr vasitəsilə fəaliyyətimiz təqdir olunursa, bu, bizim uğurumuzdur. Onun davamlı olmasının əsas yolu yenə də maariflənmədən, maarifləndirməkdən keçir.

T.Hafiz

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər