Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.08.2023

Sürücü, ehtiyatlı ol!

Təhlükəsiz həyat naminə hər birimiz qaydalara əməl
edək ki, doğmalarımız gözü yaşlı qalmasın!!!
Qəzalar olur, demək olar ki, hər gün olur. Ölüm baş verir. Cansız bədənlərin doğmalarını, əzizlərini ovundurmaq, təskinlik vermək üçün sözlər də aciz qalır.
Avtoqəzalar, yol terroru - hər il minlərlə insanın faciəsi, yüzlərlə insanın ölümü, yaralanmalar, maddi ziyanlar cəmiyyəti təhdid edir. İldən-ilə avtoqəzaların sayında azalmaların olmasına baxmayaraq, yenə də tələfat var, ziyan var. Bu sahədə əməli tədbirlər davam etdirilir, müxtəlif vasitələrlə hadisələrin azaldılmasına çalışılır ki, insanlar təhlükəsiz yaşasınlar. Məqsəd insan həyatını qorumaq, statistik göstəricilərdə “bu ilin müvafiq dövründə baş verən yol qəzalarında ölüm halları qeydə alınmayıb” fikrinin yer almasıdır. Təəssüflər olsun ki, arzularla reallıqlar üst-üstə düşmür. Cari ilin 6 ayı ərzində Azərbaycan avtomobil yollarında 780 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 387 nəfər ölüb, 669 yaralanıb.
İctimai təhlükəli əməli cəzasız qalan adam, ya ölümə gedir, ya da öldürməyə...
Ekspertlər hesablayırlar ki, orta hesabla 150-200 uşaq ya atasız, yaxud anasız qalıb, ən yaxşı halda valideynləri şikəst olub, digərlərini isə həbs-
xana yolu gözləyir. Bütün qəzaların başlıca səbəbi isə sürət həddinin aşılması, ehtiyatsızlıq, yolda “mənəm-mənəm”likdir.
Vəziyyəti təhlil etdikdə aydın olur ki, dövlətin bütün tədbirlərinə rəğmən qəzalar baş verir. Niyə baş verir? Cavab çox sadədir: “Yol polisi yoxdur, görmür sürüm...”
Bilir ki, görsə, müşahidə etsə, dayandıracaq, cəzalandıracaqdır. Baxmayaraq ki, bəzi ekspertlər yol polisinin profilaktik tədbirlərini başqa şəkildə şərh edir, cərimələrdən gileylənirlər. Hüquq fəlsəfəsi buna çox aydın izah verir: “İctimai təhlükəli əməli cəzasız qalan insan, ya ölümə gedir, ya da öldürməyə”...
Məgər dövlət hər sürücünün yanına, hər bir yolayrıcına nümayəndə qoymalıdır? Yol polisi haqlı olaraq, müntəzəm statistikanı yayır ki, ay sürücü, ay piyada, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb, diqqətli ol! Bu reallıqlar o həqiqətin göstəricisidir ki, hakimiyyət nümayəndəsi polis cəmiyyətə açıq çağırışlar edir: “Yol qaydalarına əməl edin, əks təqdirdə...”
Ölənlər, öldürənlər kimdir?
Hadisələrin 44,4 faizi gündüz, 39,4 faizi gecə, 16,3 faizi toran vaxtı baş verib, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Onu da əlavə edək yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib. İnsan nə qədər etinasız, nə qədər məsuliyyətsiz olmalıdır ki, yaşayış yerlərində bu qəzalara səbəb olsun. Niyə insan cəmiyyətə qarşı bu qədər açıq hörmətsizliyə, biganəliyə özünü səfərbər edir? Hardadır bu sualın cavabı?
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,7, yaralananların isə 73,2 faizini kişilər təşkil edib. Axı, bu insanlar atadır, əmidir, dayıdır, babadır. Yaxşı deyək ki, özünü düşünmür, bəs ailəsi, bəs doğmaları?
Hələ bu azmış kimi 2023-cü ilin 6 ayı ərzində nəqliyyat vasitələrinin şərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya xəsarətlə nəticələnən 15 qəza baş verib. Nəticədə 3 nəfər ölüb, 18 yaralanıb. Nə olub? Nədir bu? Bu qəsdin adı nədir?
Dirilər bilsin – ölənlər onsuz da yoxdur ki, sual verib soruşaq...
Unutmayaq ki, analar, bacılar məzar başında ağı deyib təskinlik tapa bilmədiyi faciədir avtoqəza ölümləri...

Geriyə Çap et


Faydalı keçidlər
Linklər