Logotype

1933-cü ildən çıxır

Xəbərlər

23.08.2023

Bayraq sevgisi

Şəhid evlərini indi bayraqlar nişan verir. Övladını bayraq, xalq, Vətən, torpaq uğrunda itirən ata, ana istəyir ki, onlardan yadigar qalan bayraqlar ocağının üstündə dalğalansın.
Müqəddəslik adına əmanət qalan hər nə varsa bütün unutqanlıqların üstündən xətt çəkir. Səmavi kitablar bizə Haqqın əmanəti deyilmi? Unudulubmu, yaddan çıxıbmı? O dalğalanan bayraqlar, o bayraqları bayraq edən tökülən qanlar da arzularına şahidlik etdiyimiz ömrü yarıda qalanları unudulmağa, yaddan çıxmağa qoymur…

Elə bu günlərdə sosial şəbəkə istifadəçilərindən birinin “Facebook” səhifəsində paylaşdığı videoda şəhid polkovnik Babək Səmidlinin evinin önündə asılan, istidən, soyuqdan rəngi bozaran bayraqları yenisi ilə əvəz edən gənc polis əməkdaşları heç kimdən “çox sağ ol”, “afərin” gözləmirdi. Onlar öz müqəddəs borclarını yerinə yetirirdilər.

O bayraqlar Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə dalğalananda düşmənin ürəyi qübar bağlayır, bağrı çatlayır. Bayrağımız uğrunda qanından, canından keçənlərin ruhu şad olsun deyə kimliyindən, tutduğu mövqedən asılı olmayaraq bu gün hər birimiz ürəkdən “Mən Azərbaycanlıyam” deyiriksə, deməli, bu üç rəngili bayraq hələ çox zirvələr fəth edəcək və bizi bir məqsəd uğrunda birləşdirəcək.

Onları, səngərsiz əsgərləri dost da gördü, düşmən də. Düşmənlərimiz isə o görüntüləri dönə-dönə öz uşaqlarına göstərib deyəcəklər: “İllər öncə də belə idi Azərbaycan xalqı, bu gün də: Bayrağına, dilinə, dininə sayğı duyan, onu qoruyan”...

Hafiz Təmirov
polis polkovnik-leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər