Logotype

1933-cü ildən çıxır

Xəbərlər

18.08.2023

Sınaqlardan keçən ömür

Yetmiş beş yaşlı veteranımız deyir ki, ölkə və DİN rəhbərliyinin diqqət və qayğısı əməkdaşlarımıza, o cümlədən gənclərə daha yaxşı işləmək və özünü müsbət tərəfdən göstərmək imkanı verir.

Tale hamı kimi onu da çox sınaqlara çəkib. Bərkə-boşa düşsə də bu sınaqlardan ləyaqətlə çıxmağı bacarıb. Ömrünün uzun illərini daxili işlər orqanlarında xidmətə həsr edib. Dincəlmək bilmədən, bütün bilik və bacarığını səfərbər edərək, hər bir işi uğurla başa çatdırmağa çalışıb. Təkcə çalışdığı xidmətlərdə kollektivin deyil, məğrurluğu, bacarığı ilə çoxlarının hörmətini, izzətini qazanıb.
DİN Veteranlar Şurası sədrinin müavini, istefada olan polis polkovniki Ramiz Axundov 1948-ci ildə avqustun 29-da Şirvan şəhərində doğulub. Hələ orta məktəbdə oxuyarkən fəallığı və təşkilatçılıq bacarığı ilə seçilib. Moskva Koorperasiya institutunu 1975-ci ildə bitirdikdən sonra 1977-ci ildə Bakı Ali Partiya Məktəbinə daxil olub. 1984-1987-ci illərdə Bakı Xüsusi Orta Milis Məktəbində təhsil alan R.Axundov oranı bitirdikdən sonra taleyini daxili işlər orqanlarında xidmətə bağlayıb. Xidmət etdiyi dövrdə bir çox mükafatlara layiq görülüb. O cümlədən 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışan Ramiz müəllim təqaüdə çıxdıqdan sonra da əli işdən soyumayıb. O, bu gün də gənc əməkdaşların peşə vərdişlərinin artırılması, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşdırılmasında bilik və bacarığını səfərbər edir.
Yetmiş beş yaşlı veteranımız deyir ki, ölkə və DİN rəhbərliyinin diqqət və qayğısı əməkdaşlarımıza, o cümlədən gənclərə daha yaxşı işləmək və özünü müsbət tərəfdən göstərmək imkanı verir. Ona görə gənc əməkdaşlar indi daha səylə və məsuliyyətlə çalışmalı, bu yolda ağsaqqal həmkarlarının da bilik və bacarıqlarından yararlanmalıdırlar.

Hörmətli veteranımızla görüşümüz yubileyi ərəfəsinə düşdü. Səsində bir kövrəklik olsa da, qürurla danışdı öz həyat hekayəsini. İlk və son sözü o oldu ki, gərək hər bir insan öz işinə vicdanla yanaşsın, əli, ürəyi zəhmətlə bərkisin. Onda həyatda yaşamaq həm asan olur, həm də mənalı...
Biz isə öz növbəmizdə ürəyi yaşayıb-yaratmaq eşqi ilə döyünən həmkarımıza yenə də gözəl, mənalı illər, ən əsası, cansağlığı arzulayırıq.

Aytəkin Nəcəfova
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər