Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.08.2023

Asayiş, sabitlik sözü polislə qoşa çəkilirsə…

Təhlükə ilə üzləşmək riski polis peşəsini seçənlər üçün an məsələsidir. Məhz buna görə də polis peşəsi riskli peşələr sırasına daxil edilib. Risk etmək gözlə görünən və ya görünməyən xilaskarlığa diqqətimizi çəkir. Meşə doğranır, heyvanlarla qeyri-insani rəftar edilir, su hövzələri çirkləndirilir, antisanitariya var və s. kimi onlarla belə hallara məhz polisin çevik reaksiyası ona rəğbəti daha da artırır. Bu sadalananlar polisin heç bir məsələyə biganə yanaşmadığını göstərir. Çünki cəmiyyəti tək cinayətkarlıq maraqlandırmır, həm də digər məsələlər var ki...

Bəzən qabağcadan proqnozlaşdırmaq iqtidarında olmasaq da baş verən hadisələrə çevik reaksiyamız ( bu günlərdə ölkəmizdə baş verən zəlzələ ilə bağlı polisin bütün qurumlardan əvvəl çevik reaksiya verməsi insanlar tərəfindən xüsusi həssaslıqla qarşılandı) diqqətdən kənar qalmır.
Bəzən xilaskarlığı həyatı bahasına başa gəlsə də təhlükənin qabağından geri çəkilməyi içdiyi anda dönüklük bilir polis.
Diqqət edək!

Polis özünü körpüdən atmaq istəyən qadını xilas etdi. Lənkəranda, daha dəqiq desək, Hirkan qəsəbəsində 23 yaşlı qadın ailədaxili problemlər səbəbindən özünü Ələt-Astara magistralının üstündən keçən körpüdən atmaq qərarına gəlib. Ətrafdakı insanlar onu fikrindən daşındırmağa çalışsalar da buna nail olmayıblar. Həmin vaxt yoldan keçən Lənkəran polis şöbəsinin əməkdaşının sayıqlığı nəticəsində özünəqəsdin qarşısı alınıb. Polis qəfil həmlə ilə qadını xilas edib.

“Polis bizə təhlükədən daha yaxındır” fikri məhz bu kimi olaylar yaşandıqdan və qarşısı alındıqdan sonra cəmiyyətin polisə bir təşəkkür, minnətdarlıq jestidir.
Daha bir fakt
Bu xəbər ölkə mətbuatında və sosial şəbəkələrdə maraqla izlənilib. Xəbərdə istirahət zonalarında valideynlərin azyaşlı övladlarını nəzarətsiz qoymaları halları müşahidə edilir fikri polisin məsələ ilə bağlı həssaslığının kulminasiya nöqtəsidir. Və elə həmin gün paytaxt çimərliklərində itən 42 uşaq tapılaraq valideynlərinə və ailə üzvlərinə təhvil verilib.

Yeri gəlmişkən, yay mövsümü olduğundan respublikamıza xarici ölkələrdən təşrif buyuran turistlərlə yanaşı, vətəndaşlarımız da istirahət üçün bölgələrə üz tuturlar. Məhz bu məsələni də diqqətdə saxlayan Daxili İşlər Nazirliyi tərəfindən respublikamızın bütün istirahət rayonları üzrə təhlükəsizlik və ictimai qaydanın effektiv qorunması məqsədilə xidmət təşkil edilib.
Turistlər təşəkkür edirlər

“Cənub bölgəsində istirahətdə idik. Masallı postuna yaxınlaşanda birdən avtomobilin mühərrik hissəsindən tüstü çıxdığını gördüm və kəskin yanığın iyi hiss etdim. Cəld maşını saxladım. Səbəbini tapa bilmədim. Və əlbəttə ki, mənə postda xidmət aparan polis əməkdaşı yaxınlaşdı. Özünü təqdim etdi. Adı Eldəniz, rütbəsi baş serjant idi. Köməyə ehtiyacım olduğunu və bu vəziyyətdə Bakıya gedə bilməyəcəyimi bildirdim. O, harasa zəng vurdu. Yarım saat keçməmiş maşın ustası gəldi. Qırılan detalın bərpa olunmayacağını bildirdi. Polis qardaşımız ona da çarə tapdı. Bizi öz xidməti maşını ilə yaxınlıqdakı istirahət mərkəzlərindən birinə aparıb gözləməyimizi xahiş etdi. Maşınım postda qaldı. Aradan 3 saat keçəndən sonra məlum oldu ki, polis texniki nasazlığı aradan qaldırıb". Bu fikirlərin yer aldığı məktubu ünvanımıza Turan adlı vətəndaş göndərib.

Sadalananlar niyə polis xidməti borcun yerinə yetirilməsi zamanı səmimi, qorxmaz və qətiyyətli olmalıdır fikrini də ortaya qoyur. Cavab isə çox sadədir: Ona görə ki, başqalarının həyat və sağlamlığını təhlükədən xilas etmək polisin əsas vəzifələri sırasındadır ki, cəmiyyət onu qorumağa məsul olan qüvvəyə inam, etimad göstərir və etibar edir.

Hafiz Təmirov
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər