Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.08.2023

Vətəndaş məmnunluğu əsas tələbdir Polis ictimai nəzarətin güclənməsində maraqlıdır

Polis ictimaiyyətin “gözü qarşısında”, yəni xalqla sıx təmasda olduğuna görə ən çox ictimaiyyətin diqqəti də asayiş keşikçilərinin üzərində cəmlənir. Həm də yalnız ona görə yox ki, polis əməkdaşı uniformada xidmət aparır və ictimai yerlərdə ilk baxışdaca diqqət çəkir. Polis peşəsi birbaşa insanların can və əmlak güvənliyi, hüquq və azadlıqları, təhlükəsizliyi ilə bağlı olduğuna görə polis görən vətəndaş dərhal öz imtiyazlarını xatırlayır.

Ənənəvi media nümayəndələrilə yanaşı sosial platformalar hazırda hər bir fərdi “repartyora” çevirib ki, bu ictimai diqqətin miqyasını genişləndirib. Heç də həmişə obyektiv olmayan, əksinə, bəzən qərəzli, qeyri-dəqiq, sosial məsuliyyət hissindən uzaq paylaşımlar, görüntülər sosial şəbəkələr üzərində yayılsa da qanunun aliliyi prinsipinə zidd olan istənilən fakt barəsində vətəndaşlar tərəfindən polisin məlumatlandırılması, yaxud faktın ictimailəşdirilməsi ümumi problemlərlə birgə mübarizə aparılması baxımından ictimai nəzarətin indikatorudur.

Elə bu günlərdə yollarda vətəndaşların ictimai nəzarətin həyata keçirilməsində iştirakını artırmaq məqsədi ilə yol polisinin yeni vatsap nömrəsini aktivləşdirməsi Daxili İşlər Nazirliyinin ictmai nəzarətin güclənməsində nə qədər maraqlı olduğunu bir daha göstərdi. Hüquqi dövlət fəlsəfəsinin mahiyyəti hüquq pozuntularının aradan qaldırılmasında təkcə hüquq mühafizə orqanlarının yox, vətəndaşların məsuliyyətini də özündə ehtiva edir. Çünki neqativ hal varsa, bu vətəndaşı narahat edirsə, qanunauyğun tədbirlər görülür. Buna görə də, ictimai nəzarət polisə xidmətin təşkilində köməkçi vasitələrdən biridir.

İctimai nəzarət mexanizmləri, yəni sosial platformalar polisə ilk növbədə cinayətkarlıqla mübarizədə yeni imkanlar yaradıb. Buna nümunə kimi, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ictimaiyyətə edilən çağırışa cavab olaraq Nazirliyin sosial şəbəkə hesablarına göndərilən məlumatlar sayəsində narkotacirlərin yaxalanmasını yada sala bilərik. Beləcə, narkotik təhdidinə qarşı “ictimai müqavimət” formalaşdırılıb.

Ancaq bu proses birtərəfli deyil, yəni polis sosial şəbəkələrə yalnız ictimai sabitliyin qorunması və cinayətkarlıqla mübarizə vasitəsi kimi yanaşmır. Bu resurslardan daha çox vətəndaş müraciətlərinin cavablandırılması, onların üzləşdikləri problemlərə operativ müdaxilə etmək üçün səmərəli istifadə edilir. Bu gün nəinki daxili işlər orqanlarının fəaliyyəti barədə - xidmətə qəbul olma, şikayət, etiraz, təşəkkür, hüquqi yardım alma, hətta heyvanlara qarşı zorakılıq, ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsi kimi ən müxtəlif məsələlərlə bağlı istənilən şəxs polisin sosial şəbəkələrdəki səhifələrinə yazır. Nazirliyin çoxminli auditoriyaya malik "instagram", "tik-tok", "facebook", "telegram", "youtube" səhifələri effektli ictimai nəzarət “aparatına” çevrilib. Bununla vətəndaş öz müraciətini birbaşa Daxili İşlər Naziriyinin rəhbərliyinə çatdırmaq imkanı əldə edib ki, təkcə bu ilin altı ayında 19 min 629 belə müraciət daxil olub və aidiyyəti üzrə yönləndirilib.
Bu fakt belə ictimai nəzarət prizmasından baxanda polis – vətəndaş münasibəti haqda yetərincə aydın təsəvvür yaradır.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər