Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.07.2023

Azərbaycan Polisinin yaranmasından 105 il ötür

Dövlətimizin və dövlətçiliyimizin əsas sütunlarından biri olan Azərbaycan Polisinin yaranmasından 105 il ötür. Azərbaycan Xalq Cümhuriyyəti ilə yaşıd olan polis onun süqutunadək tam formalaşdırılıb başa çatdırılmasa da, dövlətin milli maraqlarını qorumaqla yanaşı, asayişi bərpa etmək uğrunda bir sıra uğurlara imza atmaqla adını tariximizin şanlı səhifələrinə yazdırdı.

Müstəqilliyimizi yenidən bərpa etdiyimiz ilk illərdə də bu qurum çox böyük çətinliklərlə üzləşdi. Hədəflərə çatmaq üçün xalqın inamı və etibarı bütün əngəlləri aşmağa kömək etdi. Ərazi bütövlüyümüzə təcavüz edən düşmənin ilk cəhdlərinin qarşısı da məhz polis tərəfindən alındı. Əli silah tutan oğulların, könüllülərin hazırlanması, təlimlərə cəlb edilməsi, nizami ordunun formalaşması yolunda addımların atılması polisin həmin dövrdə vəzifələrindən birinə çevrildi.
Yeri gəlmişkən, ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması və xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü müstəqilliyin yenidən itirilməsi təhlükəsini qaçılmaz edirdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər 1993-cü ilin 15 iyunundan sonra xaosdan qurtuluşa keçidin əsasını qoydu. Ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi. İntensiv surətdə həyata keçirilən tədbirlərdən biri də hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının sıralarının saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi idi.

Ölkənin hüquq sistemində boşluqların olması cinayətkarlıqla qətiyyətli mübarizəyə, asayişin təmininə çox ciddi təsir göstərirdi.
1994-cü il avqust ayının 9-u ulu öndər Heydər Əliyev tərəfindən “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanın imzalanması gələcək fəaliyyətin məhək daşına çevrildi.

1999-cu ildə “Polis haqqında” Qanunun qəbulu, 30 iyun 2001-ci ildə “Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu”nun təsdiq edilməsi, 2004-cü il iyunun 30-da qəbul olunmuş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” Dövlət Proqramı və digər bu kimi hüquqi və tarixi sənədlər hüquq mühafizə orqanları sistemində mühüm dönüş yaratdı.
Bu gün Azərbaycan Daxili İşlər Nazirliyi dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusilə də Avropanın beynəlxalq polis strukturlarına tam inteqrasiya olunmaq yolunda inamla irəliləyir. İkitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması əldə olunan nailiyyətləri daha da möhkəmləndirir. İndi Azərbaycan Polisi BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, habelə digər beynəlxalq qurumlarda yüksək səviyyədə təmsil olunur. İndiyədək 50-yə yaxın dövlətlə 48 ikitərəfli, 27 dövlətlə çoxtərəfli hökumətlər arası, həm də idarələr arası saziş, memorandum protokolu imzalanmışdır.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülür. Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işləri həyata keçirilir.
Bu gün Azərbaycan Polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, içdiyi anda və vəzifə borcuna sadiq qalaraq ona inamı və etimadı doğruldur.

Son 20 ilin statistikası görülən işlərin, gecəli-gündüzlü fədakar xidmətin bariz nümunəsidir. Belə ki, ötən dövr ərzində 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 62 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi bir amal və bir əqidə uğrunda ölümün üstünə gedən xalqımızın mərd oğullarının, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşlarının, hərbi qulluqçularının tarix qarşısında sınağı kimi yadda qaldı. Bu müqəddəs döyüşdə Daxili İşlər Nazirliyinin 66 nəfər hərbi qulluqçusu şəhid oldu, 346 nəfər ağır yaralandı. Hərbi qulluqçulardan 4 nəfəri “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü.

Bu gün 105 yaşını, yubileyini qeyd edən polisimiz qanunlarına, xalqa, Vətənə, ulu öndərin ideallarına və Prezident İlham Əliyevə daim sadiqdir, mübariz keşikdə ayıq-sayıqdır, Azərbaycanın sabitlik adası kimi dünyada tanınmasında bundan sonra da öz töhfələrini verəcəkdir.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər