Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.06.2023

Şəhidlərin xatirəsinə abidə ucaldılıb

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ölkəmizin suverenliyinin müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda şərəfli döyüş yolu keçib.
Vətən naminə həyatını fəda etmiş qəhrəman hərbi qulluqçularımız heç vaxt unudulmur, xatirələri ehtiramla anılır.

67987 saylı hərbi hissədə şəhidlər abidəsi yaradılıb. Ümumi sahəsi 240 kvadratmetr olan abidənin inşası zamanı milli memarlıq elementləri və hərbi ehtiram ənənələri nəzərə alınıb. Abidənin üzərində Daxili Qoşunların emblemi, ümummilli lider Heydər Əliyevin şəhidlər haqqında və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın qəhrəmanlığı barədə sözləri öz əksini tapıb. Bununla yanaşı, abidəyə hərbi hissənin Birinci Qarabağ müharibəsində şəhid olmuş 262 nəfər şəxsi heyətinin adları, həmçinin 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış 10 nəfər hərbi qulluqçusunun adları və şəkilləri həkk olunub. Fərqli memarlıq quruluşu ilə seçilən abidənin sol tərəfindəki dəmir dirəkdə üçrəngli bayrağımız qaldırılıb, önündə isə əbədi məşəl alovlandırılıb. Burada yaşıllıq zolağı da salınıb.

İyunun 10-da hərbi hissədə şəhidlərin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirilib. Mərasimdə daxili qoşunlar komandanının müavini-şəxsi heyət üzrə idarənin rəisi, general-mayor İnqilab Muradov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və veteranlar iştirak ediblər. İştirakçılar tərəfindən ümummilli lider Heydər Əliyevin və şəhid hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni oxunub.

Hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini, polkovnik-leytenant Aftandil Budaqov mərasimdə çıxış edib. O, çıxışında Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi dövründə hərbi hissənin şəxsi heyətinin qarşıya qoyulmuş döyüş tapşırıqlarını mətinliklə yerinə yetirdiyini, ön cəbhədə misilsiz şücaət nümunələri göstərdiyini, torpaqlarımızın işğaldan azad olunmasına layiqli töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, hərbi hissənin müharibədə iştirak etmiş bir çox hərbi qulluqçusu ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladıqları müvafiq sərəncamlarla ali dövlət mükafatlarına layiq görülüb. Diqqətə çatdırılıb ki, zəngin döyüş təcrübəsinə malik hərbi hissənin şəxsi heyəti qəhrəmanlıq ənənələrinə sadiqdir və vətənpərvər ruhda tərbiyə olunur.

Polkovnik-leytenant A.Budaqov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun və Daxili Qoşunların komandanlığının rəhbərliyi altında Qoşunlarda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün geniş işlər görüldüyünü, açılışı olan bu abidənin də şəhidlərin xatirəsinə ehtiramın növbəti təzahürü olduğunu bildirib.
Sonra abidənin önünə gül dəstələri qoyulub və xatirə şəkli çəkdirilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər