Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.06.2023

Polis Akademiyasına doğru...

Polis Akademiyasına qəbul üçün sənəd verən abituriyentlər “çətin və şərəfli yol” dediyimiz polis həyatının ilk sınaqlarından keçirlər. İndi onların növbəti duracağı DİN Tibb İdarəsinin xüsusi həkim komissiyasının müayinə otaqlarıdır.
İrəlidə hələ Dövlət İmtahan Mərkəzinin rəqabətli qəbul imtahanı da var.
Çox güman, elə buna görə idi ki, biz İdarənin dəhlizlərindən keçib gedəndə bir-birinin ardına düzülüb həkim növbəsi gözləyən gənclərin bəzilərinin simasından narahatlıq hissləri “boylanırdı”.

Polis zabiti olmaq istəyən gənclərin sağlamlığının yoxlanılması, ümumən, daxili işlər orqanlarında xidmətə qəbul olunanların tibbi müayinələrinin əhəmiyyəti barədə Tibb İdarəsinin rəisi Mahmud Yusifovla fikirlərimizi bölüşüb yenidən geriyə, müayinə ediləcək gənclərin yanına qayıdırıq.
Diqqətimizi xüsusi həkim komissiyasının sədri, tibb xidməti polkovnik-leytenantı İlkin Mirəliyev çəkir. O, abituriyentlərin sənədlərini yoxlayır, boylarını ölçüb növbəti həkimə yönəldirdi. İşində bir qədər fasilə yaratmış olsaq da, cavab axtardığımız sualları “yağdırmaq” fürsətini qaçırmırıq.

Həmsöhbətimiz deyir ki, mayın 1-dən başlayan tibbi müayinə prosedurunu abituriyentlər iyunun sonunadək başa vurmalıdırlar. Gənclər cərrah, həkim-terapevt, nevropotoloq, göz, qulaq müayinələri kimi ilkin yoxlanışları Tibb İdarəsində keçirlər. Sonra isə Nazirliyin Hospitalında analizlər, rentgen, uzi müayinələri aparılır.
Müayinəyə gələnlərin təxminən 20 faizində əsasən göz xəstəlikləri, zəif görmələrə rast gəlindiyini deyən komissiyanın sədri bunun səbəblərini onunla izah edir ki, Akademiyaya qəbul olmaq istəyən abituriyentlər yüksək bal toplamaq üçün çox oxumalı olurlar. Bu da gözlərin müəyyən qədər zəifləməsinə səbəb olur. Əgər bu zəiflik, komissiyanın istinad etdiyi əmrin tələblərində göstərildiyi kimi, hər bir gözün ən azı 80 faiz görmə imkanını keçirsə, onda bu abituriyent üçün pis xəbərdir. Çünki, belə diaqnozlar, adətən, “müvəqqəti yararsız” və yaxud “müalicəyədək yararsız” rəy alınması ilə nəticələnir.

Komissiya bir sıra xəstəliklərlə bağlı da eyni rəy verə bilər. Məsələn, şəxsin çəki problemi varsa, müəyyən müddət ərzində arıqlaya və ya çəki artıra bilər. Yaxud hepatit B xəstəliyi olan adamın müalicədən 6 ay sonra yenidən xüsusi həkim komissiyasından keçmək üçün müracət etmək imkanı var. Ancaq, bu cür müraciətlər bir qayda olaraq, yalnız xidmətə qəbulu həyata keçirən polis orqanının vasitəsi ilə mümkün olur.
Məlum pandemiya dövründə fəaliyyətini dayandırmayan komissiyaya edilən müraciətlərin sayının illərə görə dəyişdiyini deyən İ.Mirəliyev builki dəqiq sayın mandatı bitirib gələnlərdən sonra bəlli olacağını, bununla belə təxminən mindən çox abituriyent müayinə edəcəklərini ehtimal edir. Ancaq, bu da işin tam həcmi deyil, çünki daxili işlər orqanlarında xidmətə qəbul edilən istənilən şəxsin, hətta mülki əməkdaşların belə yolu Tibb İdarəsinin xüsusi həkim komissiyasından başlayır.

Sədrlə söhbətimizi yekunlaşdırıb qonşu otağa yaxınlaşanda otolarinqoloq, tibb xidməti kapitanı Sahilə Quliyeva polis olmaq arzusu ilə gələn gənci müayinə edirdi. Üzündəki xəfif təbəssümü əskik etmədən deyir ki, gənclərimiz sap-sağlamdır, bəzən isə xroniki tanzilit və diş problemləri olanlarla rastlaşır. Onun sözlərinə görə, ağır eşitmələr də cavanlaşıb. Əvvəllər ağıreşitmə 60 yaşın xəstəliyi hesab olunurdusa, hazırda 17-18 yaşlı gənclərdə aşkar olunur. Elə bir neçə gün əvvəl bir abituriyent eyni diaqnozla komissiyadan keçə bilməyib.
Burada gələcək polislərin məntiqi mühakimə və psixoloji sağlamlıq testləri də aparılır. İmtahanın gedişinə nəzarət edən İdarənin əməkdaşı Aysel Verdiyevanın sözlərinə görə, Akademiyaya sənəd verənlər testləri yaxşı yazırlar. Bəzən psixoloji testlərdə təsdiq cümlələrini sual cümlələri kimi cavabladırılma halları da olur. Bu cür texniki səhvlər olmasın deyə, onlara əvvəlcədən qaydalar ətraflı izah edilir.

Həmsöhbət olduğumuz abituriyentlər də komissiyanın fəaliyyətindən razılıqlarını bildirdilər. Emin Rüstəmli qeydiyyatdan keçib, özü haqqında anketi doldururdu. Artıq müayinələri başlayacaqdı. Deyir, prosedurları çox rahatlıqla keçirlər. Akademiyaya qəbul olmaq üçün də kifayət qədər hazırlıqlı olduğunu düşünür.
Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin məzunu Nicat Ceyhunov təhsilini əla qiymətlərlə başa vurduğuna və sınaq imtahanlarında da yüksək bal topladığını görə özünə əmin danışdı. Müayinələri bitmək üzrə idi, səhhətində hər hansı problem aşkar olunmamışdı və yekun rəyi götürəcəkdi. O, polisin işini şərəfli peşə hesab etdiyinə görə Akademiyaya can atdığını deyir. Həm də bu peşə onun ailə məsləyi sayıla bilər, çünki babası polis olub, əmisi ilə dayısı isə hazırda xidmət edirlər.

İdarənin binasını tərk edəndə qapının qarşısında bir qrup gənc dayanıb içəri çağırılacaqları anı gözləyirdilər. Onlardan bəzilərinin pilləkənlərə atacaqları addımlar həm də polis həyatına atacaqları ilk addımlar olacaqdı...

Rəşad Mehtiyev,
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər