Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.06.2023

Polislərin təhsil ocağı...

Düz on il əvvəl dinləyicisi olduğum Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin qapısından içəri keçirəm.
Qeyri-ixtiyari üst-başıma əl gəzdirib geyimimin səliqəli, “standartlara” cavab verdiyindən əmin olmaq istəyirəm. Mənim kimi polislə tanışlığı bu məktəbdən başlayanlar razılaşar ki, buranın elə birinci gündən əməkdaşa öyrətdiyi, özü də heç zaman unutmayacağı əsas dərs nizam-intizamdır...

Bu təhsil ocağı, obrazlı desək, odu-alovu ilə dəmirə şəkil verən, formaya salan dəmirçi ocağının analoqudur, bir növ. Həqiqi mənada isə gənc polisin andiçmə yeri, Polis Andının mətnini imzaladığı Vətənə sədaqətin istinad məkanı, məktəbidir!

Təhsil ocağının geniş, səliqəli və səssiz həyətindən keçib rəis, polis polkovniki Mirzeynalabdin Seyidovun xidməti otağına çatıram. Orada məktəbin fəaliyyəti barədə söhbətimizə tədris işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Qubar Qurbanovun və tədris şöbəsinin rəisi, polis polkovnik-leytenantı Murad Səlimovun da qoşulacaqlarını öyrənirəm. Elə də olur.

Öncə müsahibim M.Seyidov gənc həmkarlarımızın nəzəri-praktiki tədrislərini tamamlamaları üçün qarşıya qoyulan vəzifələrdən bəhs edir. Deyir, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi ilə məktəbin müəllim heyəti dinləyicilərə sıra, atəş, fiziki hazırlıq, xüsusi vasitələrin tətbiq etmə dərslərinin keçirilməsinə xüsusi diqqət ayırır.

Son dövrlərdə daxili işlər orqanlarında xidmətə təşviq etmə ilə bağlı yerlərdə gənclərlə keçirilən görüşləri xatırladanda, rəis müavini Q.Qurbanov dedi ki, bu, dinləyici sayında nəzərəçarpan artıma səbəb olub.
Vətən müharibəsi iştirakçılarının polis orqanlarında xidmətə qəbul edilməsindən danışan şöbə rəisi M.Səlimovun sözlərinə görə, döyüşlərdə iştirak edən, müharibənin əzab-əziyyətini görmüş gənc əməkdaşların ekstremal vəziyyətdən çıxmaq, silahdan istifadə, silahla təhlükəsiz davranma bacarıqları var. Bu mənada, onlar məktəbdə daha tez xidmətə uyğunlaşırlar. Ancaq tədris müddətində digər dinləyicilərə də silahla davranış qaydaları və hədəfə dəqiq atəş açmaq öyrədildiyinə görə yekun olaraq, imtahanlarda uğurlu nəticə əldə edilir.
Şöbə rəisi əlavə edir ki, sıravi heyət arasında ali təhsillilərin sayı da artıb. Bu, əsasən dərslərin öyrədilməsinə müsbət təsir edir. Ancaq orta təhsil almış polis əməkdaşlarının imtahanlarının nəticələri onların da tədris proqramını tam mənimsəyə bildiklərini ortaya qoyur. Elə bu yaxınlarda ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən bilik yarışmasında ikinci və üçüncü yerləri tutanlar orta təhsilli dinləyicilər olub.

Məktəb rəisi M.Seyidov ulu öndərin yubileyi ilə əlaqədar ilin sonunadək anım tədbirlərinin davam etdiriləcəyini qeyd etdi.
Bu arada məktəbin həyətindəki bayaqkı səssizliyi dinləyiciləri sıra hazırlığı və kütləvi iğtişaşların qarşısının alınması təliminə çıxaran müəllimlərin komandaları əvəzləyir. Söhbətimizin məcrası da nəzəri-praktiki məşğələlərə yönəlir.
Məktəbdə post-patrul və daxili xidmətdə xidmət edəcək polislər üçün tədris müddəti 3 ay, mühafizə polisi üçün 45 gün, ixtisasartırmaya gələnlər üçün isə 2 həftə sürür. Bu təqvim daxilində gənc polislərin bilik və bacarıqlarının artırılması, zamanın tələbinə uyğun hazırlanmaları üçün fiziki, sıra və atəş hazırlıqları ilə bağlı dərslərə əlavə saatlar yazılıb, mövzular artırılıb. Cinayətkarın, hüquq pozan şəxslərin avtomobillərdən çıxarılması, avtomobilə əyləşdirilməsi kimi mövzular həm film şəklində, həm də praktiki təlimlərlə, simuliyasiya yolu ilə göstərilir, izah edilir. Dinləyicilərə polisin fəaliyyətini tənzimləyən normativ aktlar, qanunvericilik, insan və vətəndaş hüquqları, azadlıqları, hüquqi biliklər öyrədilir. Eyni zamanda, DİO əməkdaşlarının Etik Davranış Kodeksinin tələblərinə ayrıca diqqət yetirilir.
Dinləyicidən, təhsilalandan söhbət gedəndə müəllim heyətindən bəhs etməsəydik, olmazdı.

Məktəbin rəisi M.Seyidov deyir ki, müəllim heyəti peşəkar, təcrübəli zabitlərdən, eləcə də təqaüddə olan, idarələrdə, bölmələrdə, cinayət axtarış, istintaq orqanlarında, inzibati fəaliyyət sahəsində işləmiş polis əməkdaşlarından ibarətdir. Polis Akademiyasının professor-müəllim heyətindən də müəllimlər kurslara dəvət olunurlar. Daxili Təhqiqatlar, Baş Kadrlar və Tibb idarələrindən əməkdaşlar gəlib öz sahələri üzrə əlavə olaraq hər kursda dərslər keçirlər.
O da xüsusilə qeyd edildi ki, hər kurs gənc polislər bir həftə ərzində Daxili Qoşunların Təlim Mərkəzində səhra şəraitində təlimlərə cəlb edilirlər. Qoşunların hərbi hissələrindən dəvət olunan peşəkar zabit və gizirlərin rəhbərliyi altında baş tutan bu təlimlər gənc polisləri hər bir ağır sınağa hazırlayır.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər