Logotype

1933-cü ildən çıxır

Xəbərlər

09.05.2023

Yüz ilin salnaməsi Polis idarələrində ulu öndərin yubileyi qeyd olunur

Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan tədbirlər çərçivəsində Nəsimi Rayon Polis İdarəsində ulu öndərin xatirəsi anılıb.
Tədbir ulu öndərin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra çıxış edən İdarə rəisi, polis polkovniki Mirnemət Mirbabayev dahi şəxsiyyətin müasir, müstəqil Azərbaycanın qurulmasında müqayisəyəgəlməz siyasi fəaliyyətindən, daxili işlər orqanlarının yenidən formalaşdırılmasındakı xidmətlərindən danışıb. Müstəqilliyin ilk illərində başlayan Birinci Qarabağ müharibəsinin ağır nəticələrinin, ölkə daxilində isə vətəndaş qarşıdurmasının yaşandığı bir şəraitdə xalqımızın yeganə ümid yerinin yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik liderin məhz Heydər Əliyev olduğunu vurğulayan M.Mirbabayev ilk növbədə ölkədə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirildiyini xatırladıb. O, qeyd edib ki, ümummilli liderin apardığı hüquqi islahatlar mütəşəkkil cinayətkarlıqla mübarizədə uğurlara təkan vеrdi, qısa müddətdə cinayətkarlığın dinamikasında müsbət təmayüllər müşahidə olundu.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, uzaqgörənliklə inkişaf strategiyası müəyyən etdiyini bildirib. Ümummilli liderin müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı olduğunu qeyd edən məruzəçi ölkəmizin hərtərəfli tərəqqisinin təməlində ulu öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasətin dayandığını, bu siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək yeni-yeni nailiyyətlər əldə edildiyini vurğulayıb.
Ulu öndərin yubileyi münasibəti ilə Səbail Rayon Polis İdarəsində keçirilən tədbiri İdarə rəisi, polis polkovniki Hikmət Qasımov giriş sözü ilə açıb. Əvvəlcə ümummili lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi sükutla anılıb, Dövlət Himni ifa edilib.

Çıxışına Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinlikləri xatırlatmaqla başlayan polis polkovniki H.Qasımov ölkəmizin ulu öndərin hakimiyyətə qayıdışı ilə qurtulmasına diqqət çəkib, iqtisadi inkişafın, sosial rifahın və hüquqi islahatların əsasının qoyulmasının məhz o böyük şəxsiyyətin adı ilə bağlı olduğunu deyib.
İdarə rəisi xüsusilə qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə ictimai-siyasi sabitlik və təhlükəsizlik, vətəndaş məmnunluğu və sosial ədalət təmin edilib, müasir, hüquqi və demokratik dövlət quruculuğu uğurla həyata keçirilib, dayanıqlı iqtisadi inkişafa, nizamlı ordu quruculuğuna nail olunub, xalq-iqtidar birliyi gücləndirilib, Azərbaycan dünyada etibarlı tərəfdaşa çevrilib. Bu səbəbdən ulu öndərin adı dövlətçilik tariximizə sabitlik, rifah, yüksəliş və intibah anlayışları ilə birlikdə qızıl hərflərlə yazılıb.
Tədbirə qonaq qismində dəvət edilən Polis Akademiyasının kafedra rəisi, polis polkovnik-leytenantı Rəhim Məcnunov gənclərin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyindən, misilsiz xidmətlərindən bəhs edib. Ulu öndərin fəaliyyətində gənclərə hər zaman xüsusi yer ayırdığını deyən natiq keçən əsrin 70-80-ci illərində azərbaycanlı gənclərin müdrik rəhbərin göstərişi ilə aparıcı ali məktəblərdə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildiyini bildirib. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizin müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başlayıblar.

Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Yasamal Rayon Polis İdarəsində keçirilən tədbirdə RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirov, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov, polis veteranları və şəxsi heyət iştirak edib.
Mərasim ulu öndər Heydər Əliyevin, respublikanın ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş həmkarlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan İdarə rəisi Cəmil Əmirov bütün dünya azərbaycanlılarının, eyni zamanda türk dilli xalqların müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi, eləcə də dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük sevinclə qeyd etidiyini bildirib. O da vurğulanıb ki, təməllərini ulu öndərin atdığı ölkəmizdəki sabitliyin təminatçısı və qarantı bu gün də Azərbaycan Polisidir.

Professor İ.Zeynalov ümummilli liderin mənalı və zəngin həyat yolundan, çoxşaxəli işgüzar fəaliyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinin bütün səhifələrini dərindən bilən, onu qiymətləndirməyi bacaran, tarixi öyrənib yeni tarix yaradan böyük siyasi xadim olduğunu deyən tarix elmləri doktoru məhz onun siyasi hakimiyyətə qayıdışı ilə milli təfəkkürün, şüurun oyandığını və milli azadlıq hərəkatının başlanıldığını söyləyib. Məruzəçi, sözün əsl mənasında, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”,-deyib meydana atılan böyük ürəkli Vətən oğlunun xalq, Vətən qarşısındakı fədakar xidmətləri sayəsində müstəqilliyimizin dönməz, əbədi və daimi olduğunu vurğulayıb.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyətindən bəhs edən film nümayiş olunub.

Ulu öndərin yubileyi münasibətilə Nərimanov Rayon Polis İdarəsində də tədbir keçirilib. Ümummili liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra tədbir açıq elan olunub.
RPİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovniki Arzu Heydərov dövlətçilik ənənələrinin formalaşdırılmasında, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, müasir Azərbaycan tarixinin parlaq səhifələri Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır.
Məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev ulu öndərin müasir Azərbaycan tarixini yazan şəxsiyyət olduğunu, mənalı həyatının hər gününün, hər anının unudulmaz tarix kimi zaman-zaman xatırlanacağını bildirib. Qeyd edib ki, Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyət öz məqsədlərini uğurla həyata keçirmək üçün tarixə silinməz səhifələr yazdı.
Digər çıxışçılar da ulu öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanın böyük quruculuq və yaradıcılıq mərhələsinə, həyatın bütün sahələrində sürətli inkişaf və tərəqqi yoluna qədəm qoyduğunu vurğulayıblar.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər