Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.05.2023

Zəriflərin növbəti zəfəri

Bir neçə gün öncə başa çatmış 7-ci Formula 1 Azərbaycan Qran-Prisində meksikalı pilot Serxio Peres Bakı şəhər halqasında ikinci, karyerasında isə altıncı qələbəsini qazandı. Ancaq bu yarışların komanda halında hər mövsüm bir qalibi də olur. Bu, Azərbaycan Polisidir.

Daxili işlər orqanları mötəbər tədbirin təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməklə, tarix və beynəlxalq mahiyyətinə görə dünya qarşısında hər dəfə özünü təsdiq edir, necə deyərlər, sınaqlardan alını açıq çıxır.

Bu nailiyyətimizdə qadın polis əməkdaşlarının da haqqı danılmazdır.
Yarışların ikinci günü həmkarlarımızın fəaliyyətini birbaşa postlarda müşahidə etmək, haqqlarına şahidlik etmək üçün üz tutduq Bakı şəhər halqasına. Nəzarət-buraxılış postlarında əməkdaşlar xidmətə elə köklənmişdilər ki, cəmi bir neçə metr aralıda uğultu ilə şütüyən bolidlərin səsini ya eşitmir, ya da artıq bu səsə öyrəşmişdilər. Qran-prini izləməyə gələn əcnəbilərin və şəhər sakinlərinin çantaları bir-bir yoxlanılır, üstləri xüsusi detektorla aranır, bundan sonra yarışın keçirildiyi əraziyə buraxılırdılar. Bir sözlə, “kişi və qadın polislər çiyin-çiyinə xidmət edir” sözü tam mənası ilə məhz bu postlarda özünü əks etdirirdi.

Ölkəmizdə keçirilən hər Formula 1 yarışında qadın polislərin qrup rəhbəri olan DİN Səfərbərlik və Mülki Müdafiə İdarəsinin katibliyinin rəisi, polis polkovnik-leytenantı Nailə Teliyeva deyir ki, qadın əməkdaşlar öz işlərinin öhdəsindən layiqincə gəlirlər.

Onun sözlərinə görə, xidmətə cəlb edilənlər Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi, Tibb İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Bakı şəhər BPİ, Əlahiddə Çevik Polis Alayı və Daxili Qoşunların təcrübəli qadın əməkdaşlarının arasından seçilirlər: “Əlahiddə Çevik Polis Alayında keçirilən iclasda əməkdaşlar seçilib yerləri, gecə-gündüz növbələri müəyyən ediləndən sonra xidmətə başlayırıq. Yarışa bir gün qalmış gecə növbəsindən etibarən qadın əməkdaşlar postlara çıxmışdılar”.

Uzunluğu təxminən 6 kilometr olan Bakı Şəhər Halqasına çatmaq üçün quraşdırılan 12 piyada, 8 nəqliyyat nəzarət-buraxılış postunun hamısında qadın əməkdaşların xidmətə cəlb edildiyini öyrənirik. Bundan əlavə, xüsusi monitorların quraşdıldığı otaqdan bütün nəzarət buraxılış postlarına, giriş-çıxışlara, yoxlanışlara kameralarla birbaşa nəzarət də xanımlara həvalə olunmuşdu.

N.Teliyeva əlavə edir ki, hər bir posta mütləq şəkildə ingilis və rus dillərini mükəmməl bilən bir əməkdaş təhkim olunur. Gələn turistlər bəzən öz yerlərini soruşur, biletlərini göstərirlər, hansı zonaya getməli olduqlarını öyrənməyə çalışırlar. Bu zaman əməkdaşlarımız onlara asanlıqla yardımçı olurlar.

Paytaxtdakı polis idarələrindən xidmətə cəlb edilən qadın əməkdaşların qrup rəhbəri, Bakı şəhər BPİ İcTİ-nin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova qadın əməkdaşların hansı kriteriyalar əsasında seçildiyinə aydınlıq gətirdi. O, deyir ki, kütləvi tədbirlər zamanı seçim apararkən öncə təcrübəli əməkdaşlara, ötən illərdə tədbirlərə cəlb edilənlərə üstünlük verilir. Yeni təyin olunan gənc kadrlar isə təcrübəsi olanlarla eyni postlara təyin olunmaqla, növbəti tədbirlər üçün də təcrübəli əməkdaşlar hazırlanır. İkinci halda isə, müvafiq xidmət sahəsinə aid olanlara, yerli vətəndaşlar və əcnəbilərlə, turistlərlə ünsiyyət qura bilən qadınlara üstünlük verilir.

Yarışlar bitəndən sonra polis polkovnik-leytenantı N.Teliyeva ilə bir də telefonla əlaqə saxlayıb xidmətin yekunu ilə maraqlananda, xidmətlərini nöqsansız, uğurla başa vurduqlarını söylədi. Bu, həm də o demək idi ki, zəriflər növbəti zəfərlərini qazanmışdılar.

Rəşad Mehtiyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər