Logotype

1933-cü ildən çıxır

Xəbərlər

27.04.2023

“Şahidin dindirilməsi” müsabiqəsi keçirilib

Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar Polis Akademiyasında ümummilli liderin zəngin həyat yoluna həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

Bugünlərdə Polis Akademiyasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş simulyasiya əsaslı “Şahidin dindirilməsi” müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi müxtəlif cinayət faktları üzrə modelləşdirilmiş vəziyyətlərdə tələbə və kursantların ixtisas fənləri üzrə əldə etdikləri biliklərin möhkəmləndirilməsi, peşə vərdiş və bacarıqların formalaşdırılması, həmçinin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsidir.

Dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan “Şahidin dindirilməsi” müsabiqəsinə hazırlıq, (təlim) necə deyərlər, iştirakçıların sınaq mərhələsi olub. Müsabiqənin yarım finalına “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının və Polis Akademiyasının komandaları vəsiqə qazanıblar.
Final mərhələsində Polis Akademiyasının “Kriminalistika” kafedrasının rəisi, polis polkovnik-leytenantı Orxan Yaqublu iştirakçılara uğurlar arzulayıb.

Polis Akademiyasının 4-cü kurs kursantları, polis sıraviləri Rəhim Rəhimli və Fərid Şükürlü müsabiqənin qalibi olublar. “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbələri Kənan Qələndərov və Yəhya Abdullalı isə ikinci yerə layiq görülüblər.

Tədbirin sonunda hər iki komandanın üzvlərinə, “şahidlərə”, eyni zamanda fəallıq nümayiş etdirənlərə qiymətli hədiyyələr və sertifikatlar təqdim edilib.
Qeyd edək ki, müsabiqədə “xəyali şahid” kimi Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakultəsinin tələbəsi Nərmin Ağayeva iştirak edib.

Tədbirə qonaq qismində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyinin idarə heyətinin sədri və üzvləri, “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakultəsinin tələbələri dəvət olunublar.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər