Logotype

1933-cü ildən çıxır

Xəbərlər

18.04.2023

Beynəlxalq elmi-praktik konfrans keçirilib

DİN-in Polis Akademiyasında “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransı açıq elan edən rəis, polis general-mayoru Canpolad Daanov konfransın əhəmiyyətini xüsusi qeyd edərək ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı aparılan məqsədyönlü islahatların bu sahədə etibarlı sosial və hüquqi mexanizmlərin yaradılmasına təkan verdiyini vurğulayıb.

Qeyd olunub ki, beynəlxalq konfransın keçirilməsində əsas məqsəd aktual və problemli məsələlərin araşdırılması və həlli yollarının müəyyən edilməsi, nəzəri biliklərin praktiki bacarıqlarla vəhdətinə nail olunması, beynəlxalq təcrübənin öyrənilməsi və əlaqələrin genişləndirilməsi, hüquqi, sosial-psixoloji müstəvidə olan problemlərə diqqətin artırılmasıdır.

Sonra Azərbaycan Respublikası Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Komitənin Hüquq təminat şöbəsinin müdiri Taliyə İbrahimova, DTX-nın Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini müvəqətti icra edən, polkovnik Elşad Nəsirov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini, baş ədliyyə müşaviri Talıb Cəfərov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, BDU-nun Hüquq fakültəsinin “Cinayət prosesi” kafedrasının müdiri, professor Firuzə Abbasova konfransda çıxış ediblər.

Tədbirdə Türkiyə, Rusiya Federasiyası, Belarus, Qazaxıstan və Moldova Respublikalarının elm və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı maraqla qarşılanıb, ölkə xaricindən 20-dən çox elmi məqalə konfrans materiallarına daxil edilib.

Müzakirələrlə davam edən tədbirdə iştirakçılar bu sahə üzrə araşdırmaların mütəmadi davam etdirilməsini, iştirakçı qurumlar arasında əməkdaşlığın daha da intensivləşdirilməsini önə çəkiblər.
Sonda beynəlxalq elmi-praktik konfransın bəyannaməsi oxunub, iştirakçılara nəfis şəkildə çap edilmiş konfrans materialları və sertifikatlar təqdim olunub.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər